Qəbələdə turizmin inkişafı üçün mövcud olan potensial imkanlardan yerli iş adamları səmərəli istifadə edirlər. Hər il rayonda müasir standartlara uyğun yeni turizm obyektləri fəaliyyətə başlayır.
   
   Rayonun mədəniyyət və turizm şöbəsindən aldığımız məlumata görə, Qəbələdə 1377 yerlik 12 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var. Bunlardan 10 obyekt müvafiq lisenziya əsasında fəaliyyət göstərir.
   Bu yay turizm mövsümündə istirahət mərkəzlərində xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli aşağı enib. Hotel xidmətlərinə bir otaq üçün 30-40 manatadək, restoran xidmətlərinə 20-25 faizədək endirim edilib. Üçotaqlı kottecin bir günlük kirayə haqqı ötən il 100 manat olmuşdursa, bu il 80 manat təşkil edir. İstirahət mərkəzlərinin bir neçəsi qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir.
   Bu ilin 6 ayı ərzində Qəbələyə 16 min nəfərdən çox turist gəlib. Rayona gələn turistlər arasında xarici ölkə vətəndaşlarının da sayı çoxdur. Bunun bir səbəbi də Qəbələdə keçirilən beynəlxalq musiqi festivalıdır.
   
   Fəxriyyə