Xəbər verdiyimiz kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson ötən həftə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində o, bir sıra görüşlər keçirib, Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan mərasimdə iştirak edib.
Martın 10-da Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. Baronessa Emma Nikolson, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva və muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin iştirakı ilə görüş keçirilib. Görüşdə Britaniya Şurası ilə nazirliyin uzun illərdir əməkdaşlıq etdiyi vurğulanaraq birgə həyata keçirilən tədbirlər, konfrans və təlimlər barədə xanım Nikolsona ətraflı məlumat verilib.
Direktor Çingiz Fərzəliyev qonaqları muzeyin müxtəlif tarixi dövrləri əks etdirən maddi mədəniyyət nümunələrinin yer aldığı zəngin ekspozisiyası, həmçinin “Mədəniyyətimizin incisi – Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” və Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” sərgiləri ilə tanış edib.
Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyi ilə Londonda fəaliyyət göstərən muzeylərin birgə əməkdaşlığı üçün muzey mütəxəssislərini ölkəsinə dəvət edib.
Çingiz Fərzəliyev xanım Emma Nikolsona Azərbaycan miniatür sənətindən bəhs edən nəfis tərtibatlı “Vərqa və Gülşa” kitabını hədiyyə edib.