Dünya şöhrətli musiqi kollektivi – Vyana Ştraus Festival Orkestri aprelin 28-də Heydər Əliyev Mərkəzində növbəti konsert proqramı ilə çıxış edəcək. Bu, Vyana orkestrinin Bakıda sayca beşinci konserti olacaq.
Orkestrin yaradıcısı və bədii rəhbəri, avstriyalı skripkaçı və dirijor Peter Qutun iştirakı ilə baş tutacaq budəfəki konsertdə də tamaşaçıları maraqlı repertuar gözləyir. Virtuoz skripkaçı Peter Qut İohan Ştraus ənənəsinin davamçısı olaraq ifası ilə dinləyiciləri valeh edir. O, mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera teatrlarının səhnəsində təqdim olunan tamaşalara dirijorluq edir.
1978-ci ildən fəaliyyət göstərən Vyana Ştraus Festival Orkestri dünyada Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə tanınır. Orkestr müxtəlif festivalların, o cümlədən Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır.
Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından almaq olar.