Türkiyədə martın 4-də prokatı başlayan “Bergen” filmini təxminən iki həftə ərzində kinoteatrlarda iki milyona yaxın tamaşaçı izləyib.

Ssenarisini Sema Kayqusuz və Yıldız Bayazıtın qələmə aldığı, Mehmet Binay və Caner Alperin quruluş verdiyi bioqrafik və dram janrlı film Türkiyədə ötən əsrin 80-ci illərinin populyar müğənnisi Bergenin həyat hekayəsindən bəhs edir. Müğənnin 1989-cu ildə həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ölkədə böyük şok yaratmışdı.

Ekran əsərində baş rolu məşhur aktrisa Farah Zeynep Abdullah oynayır. Film yayıma başladığı ikinci həftənin sonunda Türkiyədə “bütün zamanların ən çox izlənən filmləri” sıralamasında dördüncü onluğa girib. Lakin bütün ölkədə böyük maraq doğuran filmin Adananın Kozan ilçəsində yayımı qadağan edilib. Yerli bələdiyyə rəhbərliyi bunu filmdə şiddət səhnələrinin çox olması ilə izah etsə də, gerçək səbəbin başqa olduğu bildirilir. Müğənni Bergeni öldürmüş keçmiş həyat yoldaşı Kozanda yaşayır və bölgənin tanınan iş adamıdır.

Qeyd edək ki, martın 16-da “Bergen” filminin Bakıda da qala gecəsi keçirilib. Qala gecəsində baş rolun oyunçusu Farah Zeynep Abdullah, eləcə də filmdə rol alan digər aktyorlar iştirak ediblər.

Xanım Rəsul