Region teatrlarına yeni təyinat almış rejissorların dilindən

 

Mənə elə gəlir ki, bu gün ümumən dünyada teatr özünün mürəkkəb dövrünü yaşayır. Bu, “olum, ya ölüm” yox, birmənalı “olum”un idrakıdır və sənət onu sevənlərlə birləşib atomlu, nüvəli dünya ilə mübarizədədir. Teatr sənəti bizdə də yenilənmə prosesinə keçiddədir. Daha doğrusu, buna çox istəklidir. İstəməyi, arzu etməyi görülən işin əvvəli hesab etsək, ümidsizliyə əsas yoxdur.

Götürək paytaxtda fəaliyyət göstərmiş və potensialı, bacarığı ümid verən gənc nəsil rejissorların bölgə teatrlarına təyinatlarını. Bu, çoxdan gözlənilən və arzulanan addım idi. Əslində, illər əvvəl də bir qrup gənc rejissor bölgə teatrlarına təyinat almışdılar. Doğrudur, onların bəziləri kulis söz-söhbətlərinə, teatrdaxili intriqalara, yaradıcı heyətlə monoloqla ünsiyyətə meyil etdiklərindən, eləcə də təcrübəsizlik üzündən özlərini doğrultmadılar. Amma özünü doğruldan, mühitdə yeni formaları rahatlıqla tətbiq edənlər də oldu...

Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin müvafiq əmrləri ilə sənət cameəsində tanınan iki gənc – Anar Babalı Lənkəran Dövlət Dram Teatrına, Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrına baş rejissor təyin ediliblər. “Bölgə teatrlarının əsas problemi rejissordur” deyənlərdən olduğumdan hər iki təyinata sevindim.

Fəaliyyətlərinin ilk günündən sosial media hesablarında, informasiya portallarında heyətlə “isinmə” hərəkətlərinin vizual əksini görəndən sonra yeni tamaşa plan-proqramları ilə bağlı onların qiyabi olaraq qapılarını döymək qərarına gəldim. Hər ikisinə suallarım da eyni oldu. Sualları da, onlara verilən cavabları da birlikdə oxuyaq.

 

1. Təyinat aldığınız teatr və onun truppası barədə ilkin fikirləriniz necədir? İndiyədək bu teatrla hər hansı yaradıcılıq əlaqəniz olubmu?

2. Paytaxtdakı teatr mühiti ilə bölgə teatrları arasında ciddi yaradıcılıq məsafəsi var və bu, zaman-zaman özünü qırılmalarda da büruzə verir. Bu rabitəni bərpa etmək planlarınız varmı?

3. Əksər yeni nəsil baş rejissorların narazılıq etdiyi əsas məqam bölgə teatrlarında ixtisaslı kadr məsələsi və aktyor truppası ilə bağlıdır. Sizdə vəziyyət necədir?

4. Fəaliyyətə hələ yeni başlamısınız. Amma həm də sürətli gedişlər və yaradıcı təşəbbüslər qarşınızdakı ən böyük məsələdir. Bu temporitmə kollektiv adekvat yanaşırmı?

5. Bir qayda olaraq, bölgə teatrlarının, əsas heyəti olmasa da, yardımçı truppası xeyli dərəcədə yerlərdəki xalq teatrları, həvəskar qruplar hesabına formalaşdırılıb. Amma bu yöndə də sönüklük hiss olunur. Nə kimi təklifləriniz var?

6. Paytaxtdan fərqli olaraq, bölgə teatrlarının bir üstünlüyü də olduğu ərazidə alternativsizliyidir. Eləcə də istənilən janr, üslub və formalarda repertuar müəyyən etməkdə sərbəstlik. Bundan necə yararlanmaq olar?

 

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı:

1. Bakı teatrlarında işlədiyim müddətdə Lənkəran teatrı və onun truppası haqqında məlumatım az idi. Teatrın sosial şəbəkə paylaşımları və saytını izləmişdim, vəssalam. Lənkəran teatrı ilə bunadək heç bir yaradıcılıq əlaqəm də olmayıb.

2. Həmişə istəmişəm ki, gedib bölgə teatrlarının tamaşalarına baxım. Amma heç vaxt alınmırdı. Bölgə teatrları ilə paytaxt teatrları arasındakı əlaqəni qurmaq üçün qarşılıqlı yaradıcılıq atmosferinin formalaşmasına şərait yaratmaq lazımdır. Fikrimcə, bunun üçün paytaxt və bölgə teatrları anlayışını yox etmək, ölkədə teatr atmosferi yaradıb, teatrların ümumən sistemli şəkildə ortaq yaradıcı dilini formalaşdırmaq lazımdır.

3. Mənə elə gəlir ki, filan teatrda ixtisaslı kadr yoxdu kimi yanaşmalar düz deyil... Yoxdur? O zaman əlimizi-qolumuzu sallayıb oturaq ki, nə zamansa ixtisaslı kadr gələcək və onda yaxşı işlər görəcəyik?! Bəs ixtisaslı kadrları kim yetişdirməlidir? Hər bir teatr üçün kadr çatışmazlığı müəyyən yaradıcılıq mühitinin olmamasından qaynaqlanır. Başqa teatrları deyə bilmərəm, amma hazırda baş rejissoru olduğum Lənkəran teatrında istər ixtisaslı kadrlar, istərsə də teatra gələn həvəskarlar üçün çox gözəl bir yaradıcılıq mühiti var. Təcrübəli aktyorların illərdi teatra müraciət edən həvəskarlara teatrı sevdirib, sənətin sirlərini aşılamaları və teatrda gənc nəslin peşəkarlığa doğru yetişməsində rolu böyükdür.

4. Ürəyin də döyünmə ritmi var və o, aritmiyaya uzun zaman tap gətirə bilməz. Hərdən ürək  döyüntülərini sürətləndirmək olur. Amma ürəyi yormaq olmaz. Teatrın döyünən ürəyi aktyordur. Onu yormadan da yaradıcılıq işlərini sürətləndirmək olar. Bu qayda ilə işləməyə çalışacağıq.

5. Yardımçı heyətin formalaşması üçün şəxsi praktikamdan istifadə edirəm. Amma mənə elə gəlir ki, bu, kifayət eləməyə bilər. Müxtəlif planlarımız var. İnşallah, həm ölkə daxilindən, həm də xaricdən peşəkar kadrlar dəvət edəcəyik. Beləcə, onlarla birlikdə heyətin yaradıcılıq potensialını artıra bilərik.

6. Razıyam. Lənkəran teatrının öz tamaşaçısı var. Repertuara nəzər salsanız, görərsiniz ki, müxtəlif janrlarda, müxtəlif üslublarda fərqli-fərqli rejissorların quruluşunda tamaşalarımız da var. Onu da deyim ki, bu tamaşalar paytaxtda və ölkəmizdən kənarda da oynanılıb və rəğbətlə qarşılanıb. Amma bununla kifayətlənmək olmaz. Gürcüstan, Qazaxıstan və Türkiyə teatrları ilə memorandum imzalamaq fikirlərimiz var. Teatrda yaradıcı mühitin inkişafı üçün sadaladığımız ölkələr ilə geniş yaradıcılıq mübadilələrimiz də olacaq.

 

Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev:

1. Bu teatrla 10-15 il əvvələ gedən bağlılığım var. Burada müxtəlif rejissorların quruluşunda bir neçə tamaşanın plastik həllini vermişəm. Bölgə teatrları ilə bağlı studiyaların təşkilinə dair proqramla əlaqədar bir neçə dərsim də olub. Ümumən yaradıcı heyəti tanıyıram. Heyətdə nəsillər arasında qırıqlıq var. Yəni balans zəifdir, üstəlik aktrisaların sayı məhduddur. Amma çalışırıq ki, teatrın kollektivinə, truppasına uyğun repertuar seçək. Teatra yeni simalar, potensiallı gənclər dəvət etmək və onları yetişdirmək mütləqdir. Ümumən truppa barədə rəyim yüksəkdir və ən əsası odur ki, bu truppa işləmək istəyir.

2. Düzdür, nəinki məsafə, hətta bir uçurum yaranıb və bunun izahı yoxdur. Mən bu əlaqəni bərpa etmək üçün repertuar siyasətinə müəyyən düzəlişlər etmişəm. Hesab edirəm ki, əsas məsələ də budur. Teatrın təbliğatı, onun auditoriyası düzgün seçilməlidir. Hazırda bir neçə tamaşanı həm bölgələrə, həm də beynəlxalq festivallara çıxarmaq barədə düşünürük. Aktiv piar seqmenti yaradacağıq. Teatrın saytı, aktiv sosial  hesabları fəaliyyətə başlayacaq. Onu da deyim ki, biz heç bir paytaxt teatrını özümüz üçün prioritet götürmürük. Kimsəyə oxşamağa çalışmadan əlaqə quracağıq. Teatrın beynəlxalq arenaya çıxışı üçün artıq danışıqlara başlamışam və inşallah, buna nail olacağıq. Biz paytaxt teatrlarının da bizim teatra gəlməsinə cəhd edəcəyik. Yəni, onlar da çalışsınlar ki, biz onlardan nümunə götürək. Ola bilər, oxucu üçün iddialı cavab kimi görünəcək. Amma qısa zamanda bunun söz olmadığını görəcəklər.

3. Əlbəttə, bu, nəinki bizim, ümumilikdə Azərbaycan teatrının böyük bəlasıdır. Amma söhbət təkcə truppadan getmir. İxtisaslı kadr məsələsi texniki heyətdən başlayır. Bilirsiniz, aktyor ancaq səhnədədir. Səhnənin arxasında böyük sexlər işləyir və onların hamısı səhnə üçün çalışırlar. O çatışmazlıq da məhz bundadır. Aktyor heyətinə 6 aylıq gücləndirilmiş təlim keçirəm və onlar müəyyən müddətdən sonra plastikadan danışığa heç bir paytaxt aktyorundan geri qalmayacaqlar. Amma texniki heyəti mütləq yetişdirmək lazımdır. Bu sarıdan problemlər, işıq rəssamı, sex rəisləri sarıdan ciddi çatışmazlıq var. Dərd təkcə truppa deyil ki...

4. İstəklərim böyükdür və tez bir zamanda pandemiyanın da yaratdığı süstlüyü aradan qaldırmaq və var gücümüzlə işləmək lazımdır. Kollektivin bu tempə adekvat olmasına gəlincə, cavabım çox qətidir: buna hamılıqla məcburuq. Olmayanlardan da tələb edir, maraqlandırırıq. Çalışırıq hərə ilə öz dilində danışaq, teatr sənətinin böyüklüyünü, ümumi missiyamızı izah edək. Şükür, hələ ki, əks münasibət yoxdur.

5. Həvəskar teatr kollektivləri ilə bağlı da müəyyən fikirlərimiz var. Bəli, təhsil məsələsi problemdir. Bildiyiniz kimi, bölgələrdəki həvəskar truppalarından seçilənlər birbaşa teatra gəlirlər və bir az işlədikdən sonra təhsili az qala tamamən unudurlar. Bunun da yolu var və müəyyən təkliflər irəli sürmüşəm. Bildiyiniz kimi, Mingəçevir Dövlət Universiteti var və mən həftənin üç günü o universitetdə ustad dərsləri keçirəm. Teatra maraqlı tələbələri seçirəm, onları incəsənət yönlü təhsilə sövq edirəm. Bununla bağlı Mədəniyyət və Təhsil nazirliklərinə müraciətlər də etmişik.

6. Bəli, bu üstünlük var. Düşünürəm ki, paytaxtda janr teatrları var və onlar müəyyən qisim tamaşaçılar üçün repertuar müəyyən edirlər. Bölgədə isə istənilən janra müraciət  üstünlüyü var və hər nəsildən, zövqdən tamaşaçını tapmaq olar. Bundan yararlanmaq lazımdır. Məsələn, müxtəlif janrda, amma eyni repertuar siyasətinə cavab verən tamaşalar hazırlamaq olar. Hələ ki, qarşımıza üçillik repertuar siyasəti qoymuşuq. Ona uyğun olaraq martın sonuna bir tamaşamız izləyicilərin ixtiyarına veriləcək. Biz klassikanı qoruyaraq, əsərləri əllaməçilik etmədən, necə var elə də hazırlayırıq. Bu yolla tamaşaçıya da əsl teatr ənənələrinin necə olduğunu göstərəcəyik.

 

Rejissorların işləmək istəyi, iddia və tələbləri ürəkaçandır. Əgər onların “dilinə görə dilçəyi də var”sa, deməli, nəticə yaxşı olacaq...

Həmidə Nizamiqızı