Rüstəm İbrahimbəyov son mənzilə yola salındı

 

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı, görkəmli kinodramaturq, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də, ömrünün 84-cü ilində Moskvada vəfat edib.

Martın 16-da Bakıdakı Nizami Kino Mərkəzində mərhumla vida mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, bir sıra yaradıcılıq təşkilatlarının rəhbərləri, tanınmış ədəbiyyat və incəsənət xadimləri, sənətkarın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Səhnədə qoyulmuş tabut önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından, Mədəniyyət  Nazirliyi və müxtəlif qurumlar adından əklillər düzülmüşdü.

Mərasimdə əvvəlcə Rüstəm İbrahimbəyovun ssenariləri əsasında lentə alınan filmlərdən fraqmentlər nümayiş etdirildi.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev ədəbiyyat və kino ictimaiyyətinin görkəmli bir nümayəndəsini itirdiyini dedi. O, Rüstəm İbrahimbəyovun maraqlı yaradıcılığı və ictimai fəaliyyəti ilə böyük nüfuz qazandığını bildirdi: “Xatırlayıram, 1990-cı ildə Rüstəm İbrahimbəyov mənə zəng edərək 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə, cavabında dedi ki, deyəsən, sən yadından çıxarmısan, SSRİ-nin deputatıyam, məni yoxlamayacaqlar... Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar bizə dünyanın bir sıra ölkələrindən məktublar gəlir və bu zaman başa düşürük ki, necə böyük bir insanı itirmişik...”.

Vida mərasimində çıxış edən nazir Anar Kərimov bildirdi ki, bu gün Azərbaycan mədəniyyəti üçün kədərli günlərdən biridir. Azərbaycan milli kinosunun, ədəbiyyatının ən parlaq simalarından olan Rüstəm İbrahimbəyov əbədiyyətə qovuşub: “Rüstəm İbrahimbəyov 60 ildən çox mədəniyyətimizə xidmət edib. Azərbaycan ədəbiyyatının zənginləşdirməsində, keyfiyyət baxımdan yeni bir müstəviyə çıxmasında və dünyada tanıdılmasında onun müstəsna xidmətləri olub. Onun ssenariləri əsasında çox gözəl filmlər çəkilib, pyesləri tamaşaya qoyulub. Bunların hamısı Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərdir. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu ekran əsərləri dünyanın ən məşhur festivallarının baş mükafatlarına, o cümlədən “Oskar”a layiq görülüb. Biz fəxr etməliyik ki, Azərbaycanın belə bir sənət adamı olub...”.

Nazir vurğuladı ki, Rüstəm İbrahimbəyovun çoxtərəfli fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib: “Rüstəm İbrahimbəyov dünyasını dəyişsə də, onun yaratdığı ölməz əsərlər, qoyduğu zəngin sənət mirası daim Azərbaycan xalqının qəlbində yaşayacaq”.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov söylədi ki, Rüstəm İbrahimbəyov böyük istedada malik bir insan idi və özündən sonra parlaq bir iz qoydu: “O, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı əlaqəsinə və inkişafına öz töhfəsini verib. Bu gün biz Rüstəm İbrahimbəyovu ehtiramla anır və kədər hissi ilə son mənzilə yola salırıq...”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 60 illik dostunu itirdiyini dedi: “Rüstəm XX və XXI əsrlərin övladı idi. Amma mənə elə gəlirdi ki, o, Orta əsrlərdən gəlmiş bir cəngavərdir. O, çox vaxt Bakıdan uzaqlarda olurdu. Buna baxmayaraq ürəyi həmişə Vətənlə döyünürdü. Onun xatirəsi də, əsərləri də əbədi yaşayacaq. Ancaq onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Rüstəmin yaratdığı və balası kimi bəslədiyi “İbrus” teatrını yaşatmalıyıq”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin sənət bayramına çevrildiyini söylədi: “Biz onunla tez-tez görüşür, sənət barədə müzakirələr aparırdıq. Bu bizim üçün böyük bir xoşbəxtlik idi...”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Rüstəm İbrahimbəyovun Xəzəri çox sevdiyini bildirdi: “Ona görə də öz bağını dənizin lap qırağında tikdirmişdi. Dəniz hərdən o bağa “hücum” edirdi. Amma Rüstəm də, Maqsud da (kinodramaturqun qardaşı, mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyov – red.) buna dözürdülər...”.

F.Bədəlbəyli dedi ki, Rüstəm İbrahimbəyovun hər sözünün, hər ifadəsinin arxasında fəlsəfi fikir dayanırdı: “Musiqi olsun, siyasət olsun, kino olsun – hər birində onun öz mövqeyi vardı. Mərd adam idi, ədalətsizliyi heç vaxt qəbul etmirdi...”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev xarici ölkələrdə keçirilən festivallarda, yaradıcılıq tədbirlərində Azərbaycan kinosundan söz düşəndə Rüstəm İbrahimbəyovun adının ehtiramla çəkildiyini vurğuladı.

Sonda yazıçının oğlu Fuad İbrahimbəyov çıxış edərək atasının xatirəsinə göstərilən yüksək ehtirama görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, mərasim iştirakçılarına təşəkkürünü bildirdi.

Vida mərasimindən sonra Rüstəm İbrahimbəyov son mənzilə yola salındı. Sənətkar Birinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin.

Nurəddin Məmmədli