Martın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qədim musiqi alətləri ansamblının Novruz bayramı münasibətilə konserti keçirildi.  Konsert Vətən müharibəsi qaziləri üçün təşkil edilmişdi.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu qeyd etdiyi ən qədim, əziz və sevimli bayramlarından biridir. Belə bir əziz gün ərəfəsində Novruz bayramı münasibətilə hazırladığımız konsert proqramını Vətən müharibəsində Azərbaycan xalqına Qələbə sevinci yaşadan rəşadətli Ordumuza, qəhrəman hərbçilərimizə, igid qazilərimizə həsr etmişik.     

Sonra muzeyin elmi işçisi Xanım Şabanova çıxış etdi. Ardınca Qədim musiqi alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Munis Şərifov) konsert proqramı təqdim edildi. Ansamblın və solistlərin – Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Fikrət Əmirovun “Reyhan”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”, Emin Sabitoğlunun “Azərbaycan”, Cəfər Cabbarlının “Türk marşı”, “Gülə-gülə” xalq mahnısı, “Bayatı-Şiraz” təsnifi və ”Bayatı-Şiraz” rəngi səsləndi.

S.Fərəcov