Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Novruz bayramı münasibətilə konsert keçirilib. Martın 16-da təşkil olunan konsertdə məktəbin müəllimləri çıxış ediblər.
Musiqi proqramı məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli (klarnet) və müəllim Tatyana Qarayusiflinin (fortepiano) ifasında Zakir Bağırovun “Rapsodiya” əsəri ilə açılıb.
Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Leyla Həsənovanın təşkil etdiyi konsert proqramında daha sonra digər müəllimlərin ifaları da dinlənilib. Konsert zamanı Novruz bayramının ab-havasına uyğun videoçarxlar, fotoslaydlar, səhnəciklər nümayiş olunub.
Tədbirdə paytaxtın digər musiqi məktəblərinin direktorları, bu musiqi ocağında uzun müddət fəaliyyət göstərmiş keçmiş müəllimlər də iştirak ediblər. Tədbirdə iştirak edə bilməyən məktəbin keçmiş müəllimləri isə videobağlantı vasitəsilə tədbir iştirakçılarına xoş arzularını çatdırıblar.
Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşov tərəfindən təşkil edilmiş sərgi tədbirə əlavə rəngarənglik bəxş edib.