Turistlər ölkəmizə daha çox qrup halında səfər edirlər
   
   Azərbaycana daha çox sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən turistlər gəlir. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, bu siyahıda sonrakı yerləri Avropa ölkələri tutur. O, son 2-3 ildə Azərbaycana Yaponiya və Çindən də turistlərin gəldiyini deyir: «Onlar əsasən regional marşrutlara maraq göstərirlər. Gürcüstan-Azərbaycan marşrutundan istifadə edəndə eyni səfər zamanı bir neçə ölkəyə - Türkiyə, Gürcüstan, Azərbaycana gələ bilirlər. Bu ölkənin turistləri məsafə uzun olduğundan onu daha maraqlı etmək üçün bir səfərlə 2-3 ölkəyə baş çəkirlər. Bir maraqlı faktı da qeyd edim ki, 3-4 il əvvəl Azərbaycana turistlər fərdi şəkildə gəlirdilər. Amma artıq turistlərin Azərbaycana böyük qruplarla səfər etməsi halları çoxalıb. Bu hallar xüsusilə son iki ildə müşahidə edilir».
   Şöbə müdiri bunu Azərbaycanda turizm sahəsinin inkişafı, yerli turizm şirkətlərinin aktiv fəaliyyəti, eyni zamanda ölkənin turizm potensialının xarici ölkələrdə geniş və davamlı təbliğinin nəticəsi kimi izah edir. A.İsmiyevin fikrincə, beynəlxalq turizm sərgilərində iştirak edərkən Azərbaycanın turizm şirkətləri müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar: «Hər dəfə müqavilə bağlananda da təbii ki, turistlərin həm fərdi, həm də qrup şəklində Azərbaycana cəlb edilməsi məsələləri gündəmdə olur».
   Qeyd edək ki, ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlib. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 min təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.
 

   Fəxriyyə Abdullayeva