Amerika Kino Sənəti Akademiyası martın 28-nə keçən gecə 94-cü “Oskar” mükafatının qaliblərini elan edib. Los-Ancelesdə keçirilən mükafatlandırma mərasimi “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.
“Oskar”ın əsas nominasiya (“Ən yaxşı film”) üzrə mükafatını amerikalı rejissor və ssenarist Şan Hederin (Sian Heder) “CODA: Kar valideynlərin övladı” filmi qazanıb. Komediya-dram janrında çəkilən film lal-kar ailənin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Məktəb xorunun rəhbəri qızı çətin seçim qarşısında qoyaraq onu musiqi məktəbinə getməyə razı salır. Filmdəki rolların əksəriyyətini kar-lal aktyorlar oynayıblar.
Şan Heder bu filmə görə həmçinin “Ən yaxşı adaptasiya edilmiş ssenari” nominasiyası üzrə mükafat qazanıb. “CODA: Kar valideynlərin övladı” Fransa istehsalı olan “Beliye ailəsi” (La famille Blier, 2014) filminin ingilis dilində remeykidir.
94-cü “Oskar”ın əsas favoriti sayılan Yeni zelandiyalı Ceyn Kempion isə “Köpəyin hökmranlığı” (“The Power of the Dog”) filminə görə “Ən yaxşı rejissor” mükafatını qazanıb. Xatırladaq ki, “Köpəyin hökmranlığı” bunadək Amerikanın ikinci kino mükafatı sayılan “Qızıl qlobus”a, həmçinin Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) “Ən yaxşı film” mükafatına layiq görülmüşdü.
Cessika Çesteyn rejissor Maykl Şouolterin çəkdiyi “Temmi Feyin gözləri” (2021) filmindəki baş rola görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” heykəlciyini qazanıb. O, filmdə ötən əsrin 70-80-ci illərində xristian teleşousunda çıxış etmiş evangelist Temmi Fey Bekeri canlandırıb. Bundan öncə aktrisa bu rola görə “Qızıl qlobus” mükafatına layiq görülmüşdü.
“Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatı isə “Kral Riçard” filmindəki (rejissor Markus Qrin) roluna görə ABŞ aktyoru və musiqiçisi Vill Smitə verilib. Aktyor bundan öncə bu rola görə BAFTA mükafatını da qazanmışdı.
Yeri gəlmişkən, “Oskar” mərasimində Vill Smitə mükafat təqdim edilərkən qalmaqal da baş verib. Mərasimin aparıcısı aktyor Kris Rok çıxışı zamanı Vill Smitin həyat yoldaşının qısa saçları ilə bağlı (Ceyd Pinketin saçları xəstəlik səbəbindən tökülür) yersiz zarafat edib. Bundan sonra Smit səhnəyə qalxaraq Roka şillə vurub. Rok isə şousuna davam edərək bu hadisəni televiziya tarixinin ən möhtəşəm gecəsi adlandırıb.
Amerikalı rejissor Deni Vilnevin “Düna” (“Dune: Part One”) fantastik filmi əsas nominasiyalarda qalib olmasa da, ümumilikdə 6 “Oskar” heykəlciyi (“Ən yaxşı viziual effektlər”, “Ən yaxşı film musiqisi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı rəssam-rejissor”, “Ən yaxşı səs” – “Academy Award for Best Sound”) qazanıb.
94-cü “Oskar” gecəsində 20-dən çox nominasiya üzrə mükafatlar təqdim edilib.
Vəfa Kamal