Bakı Xoreoqrafiya Akademiyası (BXA) Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova və Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının (QMXA) tələbələri ilə Nur-Sultan şəhərində səfərdə olublar. Səfər çərçivəsində BXA əməkdaşları Respublika fənn olimpiadası və Mintay Tleubayevin 75 illiyinə həsr olunmuş Gənc xoreoqrafların IV müsabiqəsində fəxri qonaq qismində iştirak ediblər.
Səfərin ilk günü QMXA-nın prorektoru Bibigül Nusipjanova ilə görüş keçirilib. Görüş zamanı BXA və QMXA arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, BXA bir sıra ölkələrin ali təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli formatda müqavilələr imzalayıb, eyni zamanda əməkdaşlıq əlaqələrini genişləndirir.
BXA əməkdaşlarının fəxri qonaq qismində iştirak etdikləri Gənc xoreoqrafların IV müsabiqəsində Qazaxıstanın sənət təhsili verən ali məktəblərinin, o cümlədən T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının, Qazaxıstan Milli Qadın Pedaqoji Universitetinin, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələrindən ibarət komandalar iştirak ediblər.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası arasında 2016-cı ildən qarşılıqlı əməkdaşlıq müqaviləsi mövcuddur.