Bölgələrdə “Şuşa İli”nə həsr olunan müxtəlif tədbirlər keçirilir. Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) tərəfindən “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqə musiqi, bədii qiraət və təsviri sənət sahələrini əhatə edir. Müsabiqədə qeyd edilən sahələr üzrə I, II və III yerlərə layiq görülmüş iştirakçılar Sabirabad RMİ tərəfindən fəxri fərman və mükafatlarla təltif olunacaqlar.

İsmayıllı RMİ-nin əhatə etdiyi Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən rayonda müvəqqəti yerləşən Şuşa şəhər 24 nömrəli ümumi orta məktəbdə qala-şəhərə həsr olunmuş tədbir keçirilib. Mərkəzin əməkdaşı Nicat Baxışov məktəblilərə Şuşa şəhərinin tarixi-mədəni mirası, burada yaşamış görkəmli şəxsiyyətlərin yaradıcılığı və otuz ilə yaxın işğal dövründə erməni vəhşiliyinə məruz qalmış, talan edilmiş mədəniyyət nümunələri haqqında məlumat verib. Sonra azad Şuşada görülmüş quruculuq işlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Nurəddin