Dənizdə bir aləm olur,
   günəş qalxanda sulardan.
   
   Xəzər haqqında nə qədər şeir yazılıb, nə qədər mahnı bəstələnib. Sakit, coşqun, bəzən hüznlü, bəzən də körpə uşaq kimi sevincli olan Xəzər dənizi paytaxtımıza gözəllik bəxş etməklə yanaşı istirahətimizi, sağlamlığımızı da təmin edir. İsti yay səhəri yuxudan oyanıb dənizə getməyin ləzzəti yəqin çoxlarına tanışdır. Artıq avqust ayı yarı olub. Çimərlik mövsümünün sonuna bir neçə həftə qalıb. Biz də bu isti günlərin birində çimərliyə üz tutduq.
   
   Yolumuz Mərdəkanadır
   
   Artıq Mərdəkan qəsəbəsinin girəcəyində çimərlik geyimləri və ləvazimatları satılan dükanlar sahilə yaxınlaşdığımızı xəbər verirdi. “Təndir çörəyi”, “Təndirdə bişirilmiş toyuq”, “Sərin içkilər” və s. lövhələrdə isə çimərliyə gedənlərə müxtəlif cür ərzaq məhsulları təklif edilir. Bir sözlə, çimərlikdə rahatlıq və istirahəti təmin edəcək hər şeyi burdan əldə edə bilərsiniz. Təki cibdə pul olsun.
   İlk dayanacağımız Mərdəkan “Aqua park”ı oldu. Dənizdə üzməyi xoşlamayanlar üçün “Aqua park” ideal yerdir. Geniş hovuzlar tam təhlükəsiz olmaqla yanaşı təmizliyi ilə də diqqət çəkir. Hovuza hündürdən tullanmaq üçün tunel tipli attraksionlar istirahətə əyləncə qatır.
   “Aqua park”a giriş 10 manatdır. Hovuzdan, attraksionlardan, günəş vannası qəbul etmək üçün taxtlardan istifadə, dəsmal, əşyalarınızı yığmaq üçün şkaf, duş xidməti də həmin məbləğə daxildir. Özü ilə azuqə gətirməyənlər yemək-içmək məsələsini burada həll edə bilərlər. Amma bu sizə bir qədər baha başa gələcək. Menyulardakı qiymətlərdən belə məlum olur ki, 4 nəfərin yüngülvarı naharı 60-70 manata başa gəlir.
   Səhər “Aqua park”da elə də tünlük deyildi, lakin axşama doğru buraya daha çox adam gəlir. Bu arada istirahət edənlərin bir neçəsinin fikirlərini öyrənirik:
   
   Rəşidə İbrahimova (25 yaş) - Ailəmizlə birgə gəlmişik. Yay mövsümü başlayandan 5-6 dəfə dənizə gəlmək imkanımız olub. Dəniz qumu, bildiyiniz kimi, çox faydalıdır. Ancaq hovuza gəlməyi də xoşlayıram. Bura təmizdir. Qiymətlər də münasibdir. Uşaqlar da əylənə bilir.
   Yasər Qarakişiyev (20 yaş) - Yayda ən yaxşı istirahət yeri dənizdir, hovuzdur. Əlimizə pul düşən kimi hovuza gəlirik, pul olmayanda pulsuz çimərliyə üz tuturuq.    

   Çimərlikdə vəziyyət necədir?
   
   Mərdəkan “Aqua park”ından çıxıb yaxınlıqdakı çimərliyə üz tutduq. Sahilboyu düzülmüş rəngbərəng çətirlər uzaqdan böyük göbələkləri xatırladır. Yaxınlaşdıqca çətirlərin altındakı masa dəsgahından istirahət ab-havasını hiss edirsən. Çimərlikdə tünlük idi, gözümüzə əcnəbilər də dəyirdi. İtaliyalı qonaqlar da Xəzərin qoynunda istirahət etmək qərarına gəlmişdilər. Dediklərinə görə, Bakıda yaşayıb-işləyirlər.
   Xəzərin sahilində dincəlməkdən məmnun olduqlarını bildirdilər. Deyəsən, qiymətlərdən də razı idilər.
   Qiymət demişkən, çimərliyə giriş pulsuzdur. Çətir götürdüyünüz halda 3 manat ödəməlisiniz. Masa və çətir götürdükdə isə çətirin pulu hesablanmadan masa üçün 2 manat və hər stula 1 manat ödəyirsiniz. Özünüzlə yemək-içmək gətirib rahat istirahətinizi edə bilərsiniz. Dəniz göz önündə, günəşdən qorunmaq üçün də çətir başınız üzərində.
   İstirahətinə ekstremal əyləncə qatmaq istəyənlər üçün xüsusi skuterlər də var. Amma hər kəsin cibinə görə deyil. 10 dəqiqəsinə 20 manat ödəməklə su üzərində sürücülük məharətinizi də sınaqdan keçirə bilərsiniz. Axşam çimərlikdə başlayan diskotekada isə, necə deyərlər, istirahətin ləzzətini doyunca çıxara bilərsiniz.
   
   İstirahətə gələnlər nə deyir?
   
   Nəsimi Babayev (30 yaş) - Yay sona yaxınlaşsa da, istirahətə indi vaxt tapırıq. İşim çox olduğu üçün dənizə az-az gəlirəm. Şəhərin səs-küyündən uzaqlaşmaq üçün çimərlik ən yaxşı yerdir. Həm günəş vannası, həm də sağlamlıq üçün xeyirli olan qum.
   Leyla Kərimova (35 yaş) - Dost-tanışla gəlmişik. Bu yay ölkədən kənara çıxa bilmədik, ona görə yayı öz çimərliklərimizdə keçirdik. Düzdür, bizdə xidmət bir o qədər yüksək səviyyədə deyil, ancaq əvvəlki illərlə müqayisədə inkişaf var. Təəssüf, dəniz suyu elə də təmiz deyil. İstirahətə gələnlər də təmizliyə riayət etmirlər.
   Ömər Hüseynov (50 yaş) - Səhhətimlə bağlı dənizə gəlirəm. Ayaq damarlarımda problem var. Həkim məsləhət görüb ki, mütləq qum vannası qəbul etməliyəm. Ona görə həftə sonları çimərliyə üz tuturam.
   
   Çimərlik mövsümünün bitməsinə az qalıb. Əgər hələ də təbiətin bizə bəxş etdiyi bu nemətdən sağlamlığınız və istirahətiniz üçün istifadə etmə imkanınız olmayıbsa, mütləq çimərliyə üz tutun.
   
   Reyhan İsayeva