XIX əsrin əvvəllərində Salyan qəzasının indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində balıqçılıq müəssisəsi fəaliyyət göstərirdi. 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarə və yaşayış sahələri Bankə qəsəbəsinə köçürülür.
Həmin dövrdə Bankənin adı Avropada da məşhur idi. Burada zəngin balıq vətəgələri və iri balıqçılıq müəssisəsi vardı. Orada istehsal olunan qara kürünün dadı və şöhrəti hətta Amerikaya qədər yayılmışdı. Bankədə yerli əhali ilə yanaşı, çoxlu sayda ruslar, tatarlar, gürcülər və digər xalqlardan olan yüzlərlə muzdlu çalışırdı.
O vaxtlar tüğyan edən vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Azərbaycanda ilk aptek də 1850-ci ildə indiki Neftçala rayonunun Bankə qəsəbəsində, balıqçı gəmisində yaradıldı. Aptek XX əsrin əvvəllərində Bankə balıq vətəgəsinin binasına – indi də yerləşdiyi binaya köçürülüb. Qırmızı kərpicdən tikilmiş binanın iki əsrə yaxın yaşı var.
Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik aptek nəinki yerli əhalinin, həmçinin regionda yerləşən qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyirdi. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə gəlirdilər. Aptek binasının ikinci mərtəbəsindən 1960-cı ilin əvvəllərinə qədər yaşayış məqsədilə də istifadə olunub. Artıq binada insanlar yaşamasa da, aptek bu gün də əhaliyə xidmət edir.
Azərbaycanda yaradılmış ilk aptekə aid materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Muzeydən bildirilib ki, Sənədli mənbələrin elmi fondu şöbəsinin əməkdaşı Nərmin Nəzərova Neftçalada aptekin müdiri Vüqar İsmayılovla görüşüb. Onun muzey əməkdaşına təqdim etdiyi aptekə aid materiallar muzeyin aidiyyəti fondlarına təhvil verilib.