Konfransa məqalə qəbul olunur

 

Mayın 5-6-da AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçiriləcək.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, ölkə başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” müvafiq sərəncamına əsasən keçiriləcək tədbirin məqsədi Şuşa şəhərinin tarixini, görkəmli şəxsiyyətlərini, milli-mənəvi və sosial-mədəni irsini, ədəbiyyatını, incəsənətini, memarlığını müxtəlif aspektlərdən araşdırmaqdan ibarətdir.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi, şəhərin ölkəmizin ədəbi irsində yeri, incəsənət və memarlıq nümunələri, dini, mədəni abidələri, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Tədbirə alimlər, elmi işçilər, doktorant və magistrantlar məruzə və tezislərini təqdim edə bilərlər. İştirak etmək istəyənlər məruzə və tezislərini aprelin 20-dək rus, ingilis dillərində xülasə və açar sözlərlə tərtib edilən 2-3 səhifə həcmində olmaqla alimuxtar@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.