İfa etdiyi muğam və nəğmələrdə yaşayan Tükəzban İsmayılova

 

“Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa, sənətkar heç vaxt şöhrət qazana bilməz...”.

Görkəmli xanəndə, Xalq artisti Tükəzban İsmayılova bu qənaətə tamaşaçı-dinləyici sevgisini qazanandan sonra gəlmişdi. Bu sevgi, şübhəsiz ki, gerçək sənət sahiblərinə, peşəsinin məsuliyyətini dərk edənlərə nəsib olur. Tükəzban İsmayılova Azərbaycanın musiqi tarixində yüksək ifaçılıq qabiliyyəti, səhnə mədəniyyəti, xüsusilə də qadın müğənnilər arasında öz dəst-xətti ilə seçilənlərdən idi. O, 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib.

Tükəzban Məhərrəm qızı İsmayılova 21 dekabr 1923-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir. Bu həvəs onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirir. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alır. Səs və ifası ilə tələbələr sırasında fərqlənir. Təhsilini başa vurub 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi işə qəbul edilir. Bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası”na çevrilir və Tükəzban İsmayılova 1962-ci ilədək burada fəaliyyət göstərir.

Araşdırmalarda qeyd edilir ki, dahi Üzeyir Hacıbəyli müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını dinlədikdən sonra onun üçün məxsusi olaraq “Qaragöz”, “Şəfqət bacısı” və s. mahnıları yazıb.

İllər bir-birini əvəz etdikcə o da sənət yollarında irəliləyir, tanınır və sevilir. Yenidən Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olur.

O, gənc xanəndələr nəslinin yetişməsində də səy göstərib. İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənclərə sənətin sirlərini öyrədib, onları böyük sənətə, səhnəyə hazırlayıb.

Xanəndənin özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, “Kürdün gözəli”, “Yeri, dam üstə yeri”, “Qarabağ şikəstəsi” və s. muğamlarla, mahnılarla musiqi ifaçılığı xəzinəmizi zənginləşdirib. Qəlbəyatan avazı musiqisevərlərin duyğularına sığal çəkib...

Bəstəkar mahnıları da Tükəzban İsmayılovanın repertuarında geniş yer tutub. O, bəstəkarlardan Ələkbər Tağıyev və Tamella Məmmədzadənin yaradıcılığına daha çox müraciət edib. “Sənin vüqarın mənəm”, “Sənsən”, “Ceyran”, “Qonşu qız”, “Sən mənimlə get”, “Çiçək” müğənninin ifasında 60-70-ci illərdə ən çox sevilən mahnılar olub.

Bir çox sənətkarlarımız kimi gənc Tükəzban İsmayılova da II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhələrdə hərbçilər qarşısında konsertdə iştirak edib, öz şaqraq ifası ilə döyüşçülərdə ruh yüksəkliyi yaradıb. Onun bu sahədə fəaliyyəti diqqətdən kənarda qalmır. Bir müddət sonra “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunur.

Tükəzban İsmayılova Azərbaycan musiqisinin ölkəmizdən kənarda təbliği sahəsində də uğurlu fəaliyyət göstərib. Müxtəlif illərdə Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. ölkələrdə qastrol səfərində olub, musiqi mədəniyyətimizi layiqincə təmsil edib.

Milli musiqi sənətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən sənətkar 1967-ci ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına, 1998-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Tükəzban İsmayılovanın böyük şövqlə ifa etdiyi muğam və mahnıların çoxu səs xəzinəmizin “qızıl fond”unda saxlanılır. Onun səsləndirdiyi “Kəsmə şikəstə”, “Yetim segah” və başqa nümunələr bu gün də dinləyicilərin könlünə rahatlıq gətirir.

Muğamlarımızın mahir ifaçısı, gözəl pedaqoq və qayğıkeş insan Tükəzban İsmayılova 24 mart 2008-ci ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

S.Fərəcov