“Tello” və “Dügah” ansamblları
Üzərində işlədiyimiz “Azərbaycan foklor kollektivlərinin dünəni və bu günü” mövzusu, həqiqətən də, keçmişlə indi arasında bir mənəvi körpü olaraq əhəmiyyət kəsb edir. Çünki vaxtilə fəaliyyət göstərmiş folklor kollektivləri milli musiqi irsinin yaşamasında mühüm rol oynamışlar. Həmin kollektivlərin fəaliyyəti sayəsində qədim el havalarımız, milli musiqi alətlərimiz, adət-ənənələrimiz və bu kimi milli mənəvi dəyərlərimiz təbliğ olunub, qorunub, unudulmayıb.
Etiraf etməliyik ki, müasir dövrdə belə kollektivlərin sayı azalıb. Amma hər bir folklor kollektivi musiqi mədəniyyətimizin bir səhifəsi olduğundan dünənin və bu günün folklor ansambllarının tarixini araşdırmaq və onların əhəmiyyətini təhlil etmək bu tədqiqat işinin əsas qayəsidir.
Bundan əvvəlki araşdırmalarımız Qəbələ və İsmayıllı rayonlarının folklor kollektivlərindən bəhs edib. Bu yazıda isə oxucularımızı Sumqayıt şəhərində yaradılan “Tello” və “Dügah” folklor kollektivləri ilə tanış edəcəyik. Əslində, bəlkə də ötən illərin sənətsevərlərinə bu ansamblların adları tanışdır, amma bu gün onlar fəaliyyət göstərmir. Görəsən niyə?
Əvvəlcə adıçəkilən kollektivlərin tarixinə nəzər salaq, sonra bu sualı da cavablandırarıq...
“Tello” folklor ansamblı
Bu kollektiv 1983-cü ildə Soltan Hacıbəyov adına Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci) direktoru, tarzən Əvəz Rəhmətov və məktəbin xanəndə sinfinin müəllimi Səlim Ağayevin təşəbbüsü ilə yaranmışdı. Xanəndə Səlim Ağayev kollektivin bədii rəhbəri, tarzən Bakıxan Müzəffərov isə konsertmeyster idi. Kollektivin üzvləri məktəbin müəllim və tələbələrindən təşkil edilmişdi.
Məktəbin digər müəllimlərindən Ağamayıl Səfərov (balaban, zurna, tütək, ney), Məlik Hacıyev (kamança), Böyükağa Dadaşov (tar), Həşim Hüseynov (ud), Rəhilə Ələkbərova (qanun) ansamblı təşkil edənlərlə birlikdə fəaliyyət göstəriblər. Onlar öz istedadlı tələbələrini də bu kollektivə cəlb ediblər. O dövrdə tələbə olan Bədəl Qafarov (saz), Nazim Vəliyev (saz), Əbülfəz Binnətov (bas-tar) və digərləri müəllimləri ilə çiyin-çiyinə çıxışlar etməklə milli musiqi nümunələrinə yeni həyat veriblər. Hətta ansamblın tələbə olan bir çox üzvləri məktəbi bitirdikdən sonra da bu tərkibdə qalaraq fəaliyyət göstəriblər.
Kollektivə “Tello” adının verilməsi qədim “Tello” xalq mahnısı ilə bağlıdır. Ansambl bütün çıxışlarını məhz “Tello” xalq mahnısı ilə bitirərmiş. Kollektivin bədii rəhbəri Səlim Ağayev ansambla bir neçə solist də dəvət edir. Onlardan Təhmiraz Şirinov (indi respublikanın Əməkdar artisti), Mənzurə Musayeva, Həqiqət Həsənova, Nəzakət Piriyeva, Əfras Məmmədov, Ədalət Quliyev, Zöhrə Məmmədova, Kamal Əmrahov kimi xanəndələrin adını çəkə bilərik. Onların ifasında səslənən bir çox mahnılar unudulmaqda olan el nəğmələridir. “Bilay”, “A teşti-teşti”, “Aranda qaldım”, “Leylacan” kimi mahnılar bu qəbildəndir. Bu nümunələrin repertuara daxil olması həm qədim mahnı yaradıcılığını təbliğ etmək, həm də yeni ifaçı nəslinin repertuarını zənginləşdirmək qədər əhəmiyyətlidir. Nəzərə alsaq ki, həmin mahnılar radio və televiziyadan səslənərək həm yaddaşlara köçüb, həm də yeni ifaçıların repertuarına daxil olub, bu, fikirlərimizin əyani təsdiqidir.
“Tello” folklor ansamblının repertuarına unudulmaqda olan mili rəqslərimiz də daxil olub. Bunlardan “Dərbəndi”, “Şirvani”, “Ənzəli” və başqalarını qeyd edə bilərik. Adıçəkilən mahnı və rəqslər ansamblın lent yazılarında qorunub saxlanılır.
“Tello” ansamblında tar, kamança, saz, tütək, balaban, ney, ud, qanun, zərb, nağara, qoşanağara, Azərbaycan və türk zurnası, tulum, bas-tar kimi musiqi alətləri istifadə olunurdu.
Təbii ki, ansamblın repertuarı qədim folklor nümunələrindən ibarət olduğu üçün ifaçıların geyimində də milli geyim ornamentləri xüsusi yer tuturdu. Kişilər milli üslubda papaq, çərkəzi çuxa, atlas köynək və qurşaq, qadınlar isə milli paltar dəsti və xüsusən də bəzəkli, milli naxışlardan ibarət kəlağayı ilə səhnəyə çıxardı.
Bir sözlə, “Tello”nun simasında tamaşaçı, dinləyici əsl milli ruhu duya bilirdi. Odur ki, onun çıxışları daim uğurla keçib, kollektiv müxtəlif fəxri fərmanlarla da təltif olunub.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, neçə-neçə təhsil, mədəniyyət ocaqlarında, kütləvi tədbirlərdə, hərbi hissələrdə konsertlər verən “Tello” folklor ansamblı respublikamızın hüdudlarından kənarda da uğurlu çıxışları ilə tanınıb. 1984-cü ildə ansamblın çıxışı ümumittifaq “Melodiya” səsyazma firması tərəfindən qrammofon valına da yazılmışdı. Kollektivin ifaları olan lent yazıları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin videotekasında və Radio fondunda da qorunub saxlanılır.
Təbii ki, bizim əldə etdiyimiz məlumatlar “Tello” folklor kollektivinin fəaliyyətinin qısa bir məcmusudur. Artıq uzun illərdir bu kollektiv fəaliyyət göstərmir. Bizə belə müfəssəl bilgi verdiyinə görə kollektivdə musiqi rəhbəri olmuş, hazırda Sumqayıt Musiqi Kollecinin şöbə müdiri, Əməkdar müəllim Abdul Haşımova böyük minnətdarlığımızı bildiririk. Abdul müəllimin ötən illəri xatırlaması ilə daha bir folklor kollektivinin tarixinə nəzər salaq.
“Dügah” folklor ansamblı
Bu kollektiv də 1985-ci ildə Soltan Hacıbəyov adına Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbinin direktoru, tarzən Əvəz Rəhmətov və məktəbin balaban sinfinin müəllimi, nəfəs alətlərinin mahir ifaçısı Ələkbər Əsgərovun təşəbbüsü ilə yaranmışdı. Kollektivin bədii rəhbəri Ələkbər Əsgərov, konsertmeysteri isə tarzən Abdul Haşımov olub.
Bu ansamblın repertuarında əsasən qədim xalq rəqsləri, rəng, dəraməd və xalq mahnıları, eləcə də bəzi bəstəkar mahnılarının ansambl üçün işləmələri yer alırdı. Ansamblın əsas üzvləri məktəbin müəllimlərindən ibarət idi. Onlardan Abbasqulu Nəcəfzadə (kamança ifaçısı, hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor), İlqar Şıxəliyev (tar), Akif Fərzullayev (saz), Böyükağa Dadaşov (saz), Səlim Quliyev (nağara, zərb), Rauf Zehniyev (ud), Ağamayıl Səfərov (balaban), Səadət Zeynalova (qanun), Rəhilə Ələkbərova (qanun) kimi ifaçıların adlarını qeyd edə bilərik.
“Dügah” folklor ansamblında balaban, ney, tütək, Azərbaycan və türk zurnası, saz, tar, kamança, ud, nağara, zərb, qanun kimi musiqi alətlərindən istifadə olunurdu. Bu musiqi alətlərini məharətlə dilləndirən ifaçılar muğam və xalq musiqisinə dərindən bələd olduqları üçün onların repertuarı da zəngin və maraqlı olub. Məsələn, “Dügah” ansamblının ifasında “Qədim rəqs”, “Şüştər” rəngi, el havaları, “Mənim toyuğum”, “Sarı gəlin” kimi qədim xalq mahnıları, bəstəkar əsərlərindən Süleyman Ələsgərov “Xəyala dalarkən”, Ramiz Mirişlinin “Bayram axşamlarında” və bu kimi nümunələri qeyd edə bilərik. Folklor ansamblının repertuarında bəstəkar əsərlərinin də olması milli alətlərimizin professional musiqi üçün təbii səslənməsi və bəstəkarların folklor ansamblları ilə yaradıcılıq ünsiyyətindən irəli gəlirdi.
“Dügah” folklor ansamblında geyim olaraq kişilər üçün yanyaxa köynək, çuxa, qurşaq, qanun ifaçısı qadınlar üçün isə milli ornamentli paltar dəsti və milli naxışlardan ibarət kəlağayı və ya örpək istifadə edilirdi.
Kollektivə “Dügah” adının verilməsi Ələkbər Əsgərovun öz bəstəsi olan məşhur “Dügah” rəngi ilə bağlı idi və çıxışlar da məhz bu musiqi ilə açılırdı. Dövri mətbuatda da kollektivin çıxışlarını əks etdirən məqalələr dərc olunub. Musiqişünas Fuad Əziminin “Sumqayıt musiqiçiləri” kitabında (“Sumqayıt” nəşriyyatı. 1999, səh. 11) ansamblın bədii rəhbəri Ələkbər Əsgərov haqqında oxuyuruq: “Ə.Əsgərov uzun illərdir ki, S.Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbində müəllimlik edir. Məktəbin müəllimlərindən ibarət “Dügah” folklor ansamblının fəaliyyətində Ələkbər müəllimin xidmətləri böyükdür. Bu bədii kollektiv respublikamızda nadir musiqi ansambllarından sayılır. Ansambl xalq musiqimizi yalnız instrumental şəkildə təbliğ edir...”.
“Dügah” folklor kollektivinin lent yazıları da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin videotekasında və Radio fondunda qorunub saxlanılır.
***
Tarixinə nəzər saldığımız “Tello” və “Dügah” folklor kollektivləri qədim musiqi nümunələrinin mahir təbliğatçısı missiyasını layiqincə yerinə yetiriblər. Özfəaliyyət kollektivlərdən fərqli olaraq, bu folklor ansambllarının hər biri peşəkar təhsilli musiqiçilərdən ibarət olub. Amma, təəssüf ki, indi bu kollektivlər fəaliyyət göstərmir. Elə bizim folklor kollektivlərinin tarixini araşdırmaqda da əsas məqsədimiz onların fəaliyyətinin vacib tərəflərini aşkar və bərpa etməkdir. Bu və ya digər folklor kollektivlərinin tarixinin bir mənbədə toplanması milli irsimizin təbliği və tədqiqi istiqamətində də dəyərli bir mənbə olar.
O ki qaldı folklor ansambllarına bu günün baxışına, bu barədə AMK-nın nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva ilə olan söhbətimizdən bəlli oldu ki, həmin ansamblların bərpası nəzərdə tutulub. Artıq “Dügah” ansamblının repertuarı üzərində iş aparılır. Hətta Səbinə xanım bu ansamblla son dövrlərdə bərpa edilən qədim musiqi alətlərinin, məsələn, rübab, çəng və başqalarının da daxil olmasını təklif edib. Çox gözəl ideyadır. Arzu edirik ki, uğurla başa gəlsin.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru