1929-cu il aprelin 12-si SSRİ-də xarici turizmi idarəedən ilk müəssisənin yaranma günü kimi tarixə daxil oldu. Həmin gün SSRİ Əmək və Müdafiə Şurası “İnturist” xarici turizm üzrə Dövlət Səhmdar Cəmiyyətinin (DSC) təşkili haqqında qərar qəbul etdi. Bu qərar ölkənin xalq təsərrüfatının yeni sahəsinin təməlini qoydu.
Qərarda SSRİ-yə xarici turistlərin və ekskursiyaçıların cəlb edilməsi, onların çay, dəniz, yerüstü və hava yolları nəqliyyatı ilə daşınması, yerləşdirilməsini təmin etmək, suvenirlərin satışı, mədəni xidmətin təşkili kimi vəzifələr əksini tapmışdı. Bu vəzifələrin öhdəsindən gəlmək üçün “İnturist”ə spesifik hüquqlar verildi - xarici dövlətlərin turizm bazarlarına çıxmaq, xaricdə öz nümayəndəliklərini, filiallarını və kontorlarını açmaq.
“İnturist” DSC-nin təsisçiləri SSRİ Ticarət Xalq Komissarlığı, SSRİ Ticarət Donanması, Dəmir Yolları Xalq Komissarlığı və digər dövlət təşkilatları idi.
Təsisçilərin tərkibində xarici səhmdarlar yox idi, amma Əmək və Müdafiə Şurası gələcəkdə turizm sahəsinə xarici kapitalın cəlb olunmasını istisna etmirdi.
SSRİ Ticarət Xalq Komissarlığının 8 iyun 1929-cu il tarixli dekreti əsasında “İnturist” DSC Nizamnaməsini təsdiq edərək, onun təşkilati strukturunu müəyyən etdi. Struktura səhmdarların ümumi iclası, Səhmdarlar Şurası, Təftiş Komissiyası və icraçı orqan kimi İdarə Heyəti daxil idi. “İnturist” DSC-nin fəaliyyət dairəsi sahəsi hələ o vaxtlar çox geniş və çoxsahəli idi.
Xarici turistlərə xidmətin (turların) satışı üzrə əsas əməliyyatlar “İnturist”in kontragentləri - kapitalist ölkələrinin şirkətləri tərəfindən həyata keçirilirdi. Bundan sonra işin ən mühüm mərhələsi - ölkə ərazisində xarici turistlərə birbaşa xidmət başlayırdı. Nəzərə alsaq ki, xarici qonaqların səyahət proqramları əsasən hər hansı bir şəhərə baş çəkilməsi ilə məhdudlaşmırdı, bütün səfər marşrutu üzrə ölkənin müxtəlif rayonları üçün xarakterik olan, yerli şəraiti və milli xüsusiyyətləri nəzərə alan kompleks tədbirlərin təmin edilməsi vacib idi.
“İnturist”in və ümumilikdə ölkənin xarici turizmin inkişafının ilk mərhələsində iki əsas problemlə - bütün dünya üzrə turların satışı ilə əlaqəli kommersiya və ölkə ərazisində xarici turistlərin xidməti ilə əlaqəli təsərrüfat problemlərin həlli ilə ciddi məşğul olmaq lazım idi.
Yalnız xarici turizm sahəsi üçün xarakterik olan hərtərəfli istehsalat fəaliyyəti “İnturist”in idarəetmə formalarına, eləcə də kadrlar seçiminə xüsusi diqqət göstərməyi zəruri edirdi. “İnturist” DSC yeni yaradıldığından əvvəldən maddi bazası olmayan təşkilat idi. SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 7 fevral 1933-cü il tarixli “SSRİ-də “İnturist” xarici turizm Dövlət Səhmdar Cəmiyyəti və “Hotel” Ümumittifaq Səhmdar Cəmiyyətinin birləşdirilməsi haqqında” qərarı ölkəyə gələn xarici turistlərin yerləşdirilməsində yaranan problemlərin aradan qaldırılmasını həll etdi.
Yeni yaradılan qurum SSRİ Mərkəzi İcraiyyə Komitəsinin təsərrüfat idarəsinin nəzdində “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti (ÜSC) adlandırıldı. Bu təşkilata SSRİ-yə xaricdən gələn bütün turistlərin, iş adamları və ya texniki mütəxəssislərin qəbulu və xidmət göstərilməsinə monopoliya hüquqları verildi. “İnturist” ÜSC bundan sonra, kiçik olsa da, amma öz maddi bazasına - mehmanxana və restoranlara, nəqliyyat vasitələrinə malik oldu. Bundan sonra SSRİ-də xarici turizmə tam rəhbərlik və ölkəyə gələn əcnəbilərə görə bütün məsuliyyət “İnturist” ÜSC-nin əlində cəmləşdi.
1939-cu ildə SSRİ Xalq Komissarlıqları Şurasının qərarı ilə Xarici turizm üzrə Ümumittifaq Səhmdar Cəmiyyəti (“İnturist”) SSRİ Xarici Ticarət Xalq Komissarlığının sərəncamına verildi.1939-cu ildə yaranmasının 10 illiyini qeyd edən “İnturist”in xətti ilə ölkəyə 1 milyon xarici turist gəlmişdi.
* * *
1929-cu ilin avqustunda Bakıda “İnturist” Səhmdar Cəmiyyətinin Azərbaycan bölməsi yaradılır. Azərbaycanda xarici turizmin inkişafına, turistlərin təhlükəsizliyinə diqqəti artırmaq məqsədilə respublikamızın dövlət orqanları bir neçə mühüm qərar qəbul edir. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sosial-mədəni seksiyasının 1929-cu il 3 noyabr tarixli iclasında “Azərbaycan SSR-də xarici turizmin inkişafı üzrə tədbirlərin hazırlanması haqqında” məsələ müzakirə edilərək müvafiq qərar qəbul edilmişdi. Qərarda respublika ərazisindəki tarixi abidələrin siyahısının hazırlanması, onların yerlərinin və mümkün marşrutlarının göstərilməsi, Səhiyyə Xalq Komissarlığı tərəfindən respublika ərazisindəki kurort yerləri barədə məlumatların Dövlət Plan Komitəsinə təqdim olunması və s. məsələlər əksini tapmışdı.
Respublika hökumətinin (Xalq Komissarları Soveti) 1930-cu il 13 yanvar tarixli “Azərbaycan SSR ərazisində turistlərin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması haqqında” qərarı yerli hakimiyyət orqanlarının üzərində konkret vəzifələr qoyurdu. Qərara əsasən, respublikaya gələn xarici turistlər “İnturist”in Azərbaycan bölməsində, Sovet İttifaqının respublikalarından gələn turistlər isə Azərbaycan “Proletar Turizmi Cəmiyyəti”ndə qeydiyyatdan keçməli idilər.
Xarici turistlərə xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə 1934-cü ildə Bakıda məşhur sovet memarı, akademik Aleksey Şusevin layihəsi üzrə “İnturist” mehmanxanası istifadəyə verildi. Beşmərtəbəli mehmanxana indiki Neftçilər prospekti, 63 ünvanında yerləşirdi.
II Dünya müharibəsinin başlanması ilə, digər turizm təşkilatları kimi, “İnturist”in Bakı bölməsinin fəaliyyəti də minimuma endi. Təşkilat yalnız SSRİ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərə xidmət göstərməklə məşğul olurdu.
Müharibədən sonra da “İnturist” uzun müddət normal fəaliyyətə qayıda bilmədi. Müharibə zamanı dağılmış ölkə təsərrüfatı nəhəng maliyyələşmə tələb edirdi. Yalnız 50-ci illərdə “İnturist” azsaylı xarici turist qrupları və fərdi turistlərin qəbuluna başladı. Bu dövrdə SSRİ-yə xarici dövlətlərin ticarət nümayəndələri tez-tez səfər edirdi və onlara xidməti “İnturist” üzərinə götürürdü.
1955-ci ildə “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin təsdiq edilmiş yeni nizamnaməsində qeyd olunurdu ki, qurumun məqsədi SSRİ-yə gələn, SSRİ-dən gedən və SSRİ ərazisindən tranzit olaraq istifadə edən xarici turistlərə və xarici vətəndaşlara xidmət göstərmək, turizmin bütün növlərini inkişaf etdirməkdir.
“İnturist”in əsas vəzifələri sırasında xarici turizm şirkətləri ilə kommersiya əlaqələrinin yaradılması və SSRİ-də xarici turistlərin qəbulunun yüksək səviyyədə təmin edilməsi işləri, xarici turistlərin SSRİ-yə cəlb edilməsi üçün reklam-məlumatlandırıcı işin təşkili və xarici turizm şirkətləri vasitəsilə sovet turistlərinin xarici ölkələrdə qəbul edilməsi, onlara xidmət göstərilməsi şərtlərinin razılaşdırılması məsələləri qeyd olunmuşdu.
“İnturist”ə geniş hüquqlar və səlahiyyətlər verilir. Bu səlahiyyətlər təşkilata xarici ölkələrdə xarici turizm üzrə firma və kontorların yaradılmasına, SSRİ ərazisində özünün bölmələrinin və agentliklərinin təşkilinə, müxtəlif milli və beynəlxalq təşkilatların, komissiyaların və s. üzvü olmaq kimi imkanları yaradırdı.
1964-cü il SSRİ-də xarici turizmin gələcək inkişafı üçün yeni mərhələ oldu. SSRİ Nazirlər Sovetinin qərarı ilə “İnturist” SSRİ Xarici Ticarət Nazirliyinin tabeliyindən çıxarıldı. Xarici turizmin idarəolunması üzrə yeni dövlət orqanı - SSRİ Nazirlər Sovetinin nəzdində Xarici Turizm üzrə İdarə yaradıldı və “İnturist” bu idarənin mühüm bir hissəsi oldu. 1969-cu ildə bu idarə SSRİ Nazirlər Soveti nəzdində Xarici Turizm üzrə Baş İdarəyə çevrildi və “İnturist” ÜSC kommersiya idarəsi hüququnda onun tərkibinə daxil oldu.
Xarici ölkələrlə turizm münasibətlərinin sürətli inkişafı ittifaq respublikalarında da xarici turizm idarələrinin təşkilini zəruri edirdi. Qeyd edək ki, II Dünya müharibəsindən sonrakı illərdə respublikamızda beynəlxalq turizm əlaqələri çox aşağı səviyyədə idi. Sonrakı illərdə beynəlxalq turizm əlaqələri tədricən inkişaf etdi. Bakıya xarici turistlər həm fərdi, həm qrup şəklində keçən 60-cı illərin əvvəllərində gəlməyə başladılar.
1962-ci ildə “İnturist”in Bakı bölməsinin vasitəsilə Bakıya 44 nəfərdən ibarət olan fransız turistləri gəlmişdilər. Onlar Yeni Bakı Neftayırma zavodunda, Bakı elektrik maşınqayırma zavodunda (BEMZ), “Azneft”in ilk dəniz neftçıxarma mədənində, Azərbaycan Elmlər Akademiyasında, Nizami adına Ədəbiyyat Muzeyində, R.Mustafayev adına İncəsənət Muzeyində, Azərbaycanın Tarix Muzeyində və s. yerlərdə olmuşdular. Azərbaycanda olduğu müddət ərzində xarici turistlər respublikamızın müxtəlif ictimai təbəqəsi ilə əlaqələr qurur, öz həmkarları ilə görüşlər, diskussiyalar, fikir mübadiləsi aparırlar. Respublikamıza gələn turistlərin dinamikası, xaricdə Azərbaycana, onun təbii sərvətlərinə, mədəniyyətinə, tarixinə, turizm potensialına artan maraqdan irəli gəlirdi. Bu illər respublikamızda reklam ədəbiyyatının, buklet və prospektlərin, Azərbaycanın qədim şəhərləri - Bakı, Naxçıvan, Gəncə, Şamaxı, Şuşa, Şəki, Quba və s. haqqında nəşrlərin çap olunmasına böyük diqqət yetirilirdi.
1968-ci ildə Azərbaycana gələn 5052 xarici vətəndaşdan, 3376-sı turist qismində gəlmişdi. Bu da 1962-ci illə müqayisədə 70% çox idi. 1969-cu ildə respublikaya gələn 8674 nəfər əcnəbidən 3527-i turist idi. Qeyd edək ki, Azərbaycana xarici turistlər əsasən sosialist ölkələrindən gəlirdi. 1970-ci ildə respublikamıza 4739 xarici turist gəlmişdi ki, onların 3227-i sosialist ölkələrindən idi.
Bu illər turizm əlaqələrinin inkişafı işində bir sıra çətinliklər və çatışmazlıqlar mövcud idi. Bunlar beynəlxalq turizmin maddi bazasının yaradılması, informasiya-təbliğat işinin gücləndirilməsi, yeni turist marşrutlarının yaradılması, xarici turistlərin qəbulu və xidmət keyfiyyətinin səviyyəsinin artırılması məsələləri ilə bağlı idi.
Respublikada xarici turizmin inkişafı üçün maddi-texniki bazanın inşaat planları çox ləng yerinə yetirilirdi. Xarici turistləri qəbul edən yerli hakimiyyət orqanlarının mehmanxanalarında lazımi şərait yox idi; muzeylərin xarici dillərdə bələdçi nəşrləri ilə təmin olunması üçün lazımi tədbirlər görülmürdü; milli suvenirlər qıtlığı var idi; bəzi ekskursiyalar lazımi səviyyədə aparılmırdı; məlumatlandırıcı işin səviyyəsi tələblərə tam cavab vermirdi. Respublikadan xarici ölkələrə turistlərin göndərilməsi işində də nöqsanlar var idi.
1969-cu ildə böyük dövlət xadimi Heydər Əliyevin respublikanın rəhbəri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra, respublika həyatının digər sahələrində olduğu kimi, turizm sahəsində də yeni inkişaf mərhələsi başlandı.
Sabir Rəhimov,
AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini
(Ardı var)