Xəbər verdiyimiz kimi, 26-27 mart tarixlərində Şəki şəhərində “Böyük Qafqaz incəsənət və rəqs kuboku – Şəki-2022” yarışması keçirilib. Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihədə regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən bir sıra musiqi məktəbləri də iştirak edərək uğur qazanıblar.

Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Gəncə qönçələri” rəqs ansamblı iki rəqslə 1-ci yerə, bir rəqslə 2-ci yerə layiq görülüb. Yarışmada həmçinin Goranboy şəhər Uşaq incəsənət məktəbinin fortepiano, rəqs və rəssamlıq şöbəsinin şagirdləri də müvəffəqiyyət qazanıblar. Məktəbin rəqs kollektivi və şagirdlərdən Selman Zərbəli, Ləman Musayeva, Ayşə Tağıyeva I yeri tutublar. Türkan Musayeva isə laureat adını qazanıb.

Sumqayıt RMİ Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərindən Atilla Quliyev, Səid Vəlizadə, Ayla Pənahova, Aysu Məmmədzadə, İnci Vəlizadə, Mədinə Qajıyeva, Fidan Həsənli, Ceyran Talıblı və başqaları öz yaş kateqoriyalarında 1-ci yerə layiq görülüblər. Onları yarışmaya müəllimləri Sevda Məcidova və Esmira Əliyeva hazırlayıb.

Müsabiqədə Abşeron rayon Qobu qəsəbə Uşaq incəsənət məktəbindən Orxan Xəlilzadə, Nisə Baxşiyeva I, Ağacavad Bayramov, Ağalar Qənizadə, Qorqud Eminli II, Nurxanım Bayramova, Mehin Eyvazova, Cavidan Məmmədov, Cəsur Məmmədli, Sunay Qarazadə III dərəcəli, Tamilla Əliyeva və Rəfiqə Bəşirova isə laureat adını qazanıblar.

N.Məmmədli