Şimali Azərbaycanda ilk mətbəə burada yaradılıb

 

2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi mədəniyyət paytaxtımız olan 270 yaşlı şəhərin tarixi-mədəni mirası, ədəbi və maarifçi mühitinə daha geniş şəkildə nəzər salmaq imkanı deməkdir. Bu yazıda XIX əsrin birinci yarısında Şimali Azərbaycanda ilk dəfə Şuşada fəaliyyət göstərmiş mətbəələr haqqında söz açacağıq.

Məlum olduğu kimi, ölkəmizdə mətbəə və nəşriyyat işinin tarixi XIX yüzilliyin əvvəllərinə gedib çıxır. Azərbaycanda mətbəə açmaq, qəzet, jurnal və kitablar nəşr etmək məsələsi bir çox ziyalılarımızı düşündürüb. Lakin buna nail olmaq ilk növbədə o dövrün ictimai-siyasi ab-havası ilə sıx bağlı idi.

Filologiya üzrə elmlər doktoru, şair İslam Sadıq yazır ki, Azərbaycanın maarifpərvər, gələcəyi görən ziyalıları Rusiya ilə mədəni əlaqələr qurmağa, bu əlaqələr vasitəsilə Azərbaycanda məktəblər açmağa, dərsliklər yazmağa, mətbuat və kitab nəşrinə nail olmağa çalışırdılar. Ziyalılarımız Azərbaycanın problemlərinin, o cümlədən torpaqlarımızın Rusiya və İran arasında bölünməsinin, onun mahiyyətinin xalqa düzgün çatdırılmasında maariflənmənin və savadlanmanın əhəmiyyətini yaxşı başa düşürdülər.

Azərbaycan şəhərlərindən ilk dəfə Təbrizdə mətbəə açıldığı qeyd olunur. İ.Sadıq “Azərbaycanda kitab mədəniyyəti” monoqrafiyasında bu barədə məlumat verir. Kitabda görkəmli Azərbaycan alim və mətnşünası Məhəmmədəli Tərbiyətin verdiyi məlumata istinadən bildirilir ki, ilk mətbəə Təbrizə Rusiyadan gətirilib və 1812-ci ildə fəaliyyətə başlayıb. Burada əsasən dünyəvi kitablar nəşr edilib. Başqa bir məlumata görə, Təbrizdə ilk mətbəə 1817-ci ildə yaradılıb. Təbrizdən sonra Urmiya, Ənzəli, Ərdəbil, Rəşt, Həmədan, Qəzvin kimi Azərbaycan şəhərlərində də mətbəələr yaradılıb, kitab nəşri həyata keçirilib.

XIX əsrin ortalarından Bakıda da mətbuat və kitab nəşri geniş vüsət alıb. Həmin dövrdə Bakıda üç, Şamaxıda iki mətbəənin mövcudluğu haqqında məlumatlar var. 1874-cü ildə Gəncə şəhərində Fyodorov və Tarumovun mətbəəsində “Yelizavetpolun rus və müsəlmanlar təqvimi” nəşr edilib. Bu təqvimin bir nüsxəsi Sankt-Peterburqun Saltıkov-Şedrin adına kitabxanasında saxlanılır. 1884-cü ildə Bakıda 5 mətbəə və 1 litoqrafiya (daş çapı), Gəncədə isə 3 mətbəə olduğu statistik qaynaqlarda göstərilib.

Onu da qeyd edək ki, Bakıda ən böyük, dövrünə görə müasir avadanlıqlarla təchiz edilmiş mətbəə-nəşriyyat Oruc, Qəmbər və Abuzər Orucov qardaşları tərəfindən açılıb. 1906-cı ildə yaradılan “Orucov qardaşları” mətbəə-nəşriyyatı 1917-ci ilədək fəaliyyət göstərib.

***

Şimali Azərbaycanda mətbəə-nəşriyyat işi sahəsində musiqi-sənət beşiyimiz Şuşanın adı öndə çəkilir. Şuşada ilk mətbəənin təxminən 1830-cu illərdə fəaliyyətə başladığı bildirilir. 1835-ci ildə Kazan Universitetinin müəllimi, şərqşünas, professor Frans Erdmanın dinə aid fars dilində kitabı Şuşada nəşr edilib.

XIX əsrin II yarısında Ağamirzə Qarabaği də Şuşada mətbəə açıb və burada onlarla kitab çapdan çıxıb.

Ümumiyyətlə, XIX əsr Qarabağ ədəbi mühiti Azərbaycan ədəbiyyat və mədəniyyətində mühüm rol oynayıb. Bu qədim mədəniyyət beşiyində çoxlu şair, musiqiçi, tarixçi və gələcək nəsillərə əsərlərini ərməğan qoyub-getmiş neçə-neçə sənət dühası yetişib. Bunlardan biri də ensiklopedik biliyə malik şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi şuşalı Mir Möhsün Nəvvabdır. O da doğma şəhərində mətbəə açanlardan, Şuşanın mədəni-maarif mühitinin canlanmasına öz töhfəsini verən ziyalılarımızdandır.

Tarix üzrə fəlsəfə doktoru Leyla Abasova “Mir Möhsün Nəvvabın Azərbaycan kitab tərtibatında və nəşrində rolu” məqaləsində yazır ki, Nəvvab Şuşada 1884-cü ilin əvvəlində daşbasma üsulu ilə kitab çap edən mətbəə yaradıb. Bu mətbəədə özünün və müasirlərinin bir sıra məcmuələrini, dərsliklərini, eləcə də dini risalələri çap edib: “Bu çap nəşrlərinin mətnlərini yazmaqla bərabər, onlara daxil edilən illüstrasiyaları da Nəvvab özü çəkib. O, 1884-cü ildə Haşımzadə Ağa Mirmehdinin (Xəzani) “Şəriətül-İslam” adlı (48 səhifə həcmində) kitabçasını, həmçinin müəllifi olduğu “Kitabi-kəşfül-həqiqeyi-məsnəvi fi mövzuat və mənzumati-Nəvvab” (1899) kitabı və digərlərini öz mətbəəsində çapdan buraxıb. Əslində, Nəvvabın mətbəəsi çox ibtidai, nöqsanlı idi. Odur ki, o, mətbəənin “kəsir və nöqsanlarından” dönə-dönə şikayət edirdi. Lakin buna baxmayaraq, mətbəədə kitablar, çətinliklə də olsa, çap olunurdu...”.

Tarixçi qeyd edir ki, Nəvvab yazdığı əsərlərin litoqrafiya üsulu ilə çapını təmin etmək üçün lazım olan boyaları, qızılı, gümüşü rəngləri, mürəkkəb və başqalarını fərdi reseptləri əsasında (bədir yağı, nişasta və s.) özü hazırlayırdı. Nəvvabın öz sevimli rəngləri və bu rənglərdən təşkil olunmuş xüsusi palitrası var idi. Bozumtul-mavi, göy, sarı, narıncı, qara və çəhrayının qırmızımtıl çalarları onun ən xoşladığı rənglər idi. Rəssamlıq təhsili almasa da, təsvir etdiklərinə fərdi münasibət bəsləməyi bacaran Nəvvabın bədii irsi milli kitab mədəniyyəti xəzinəmizdə özünəməxsus yer tutur.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərova “XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab” məqaləsində yazır ki, o, əvvəlki ruhani məktəblərindən, mədrəsələrdən fərqli olaraq “üsuli-cədid” məktəbləri açmışdı. Bu məktəblərdə, coğrafiya, tarix, ədəbiyyat, dil dərsləri keçirilirdi: “Nəvvabın özü də bu məktəblərin birində dərs deyirdi. Məktəblərdə dinin göstərişinə görə şəkil çəkmək qadağan olunduğundan Novruz bayramına 3-4 gün qalmış şagirdlərə “kətələr” deyilən, şeirlə yazılmış və qıraqları şəkillərlə bəzədilmiş, Nəvvabın əl mətbəəsində çap edilmiş vərəqlər paylanılırdı. Uşaqlar “kətə” paylanan günü həsrətlə gözləyirdilər...”.

Göründüyü kimi, mütəxəssislər XIX əsri Azərbaycanda kitab və nəşriyyat işi baxımından məhsuldar bir dövr kimi xarakterizə edirlər. Qarabağımızın tacı Şuşa şəhəri də həmin dönəmdə bu sahədə şöhrət qazanmışdı.

Nurəddin