Sənədli filmin çəkilişləri yekunlaşıb
Kinorejissor Amil Amalın “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb. Film Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) maliyyə dəstəyi ilə ərsəyə gəlib.
İttifaqdan bildirilib ki, ekran işinin qəhrəmanı paytaxtın Binəqədi qəsəbəsində, aktiv olan Keyrəki vulkanı yaxınlığında yaşayan Aqibət xanımdır. Rejissor uzun müddət 55 yaşlı xanımın həyatını müşahidə edib və film çəkmək qərarına gəlib. Hazırda film post-prodakşn mərhələsindədir.
Amil Amal 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) kinorejissorluq və kinodramaturgiya ixtisası üzrə ikiillik ali kurslarda təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Rodimin və rejissor, pedaqoq Vladimir Fençenkonun emalatxanasında öyrənib.
Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda (2016), “Haqq iş” qısa film festivalında (Türkiyə, 2017), Bakı Beynəlxalq Qısa Film Festivalında (2019) mükafatlara layiq görülüb. Müəllifin “Titrəmə” filmi isə ötən il Türkiyədə keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.
Lalə