Festival çərçivəsində muğam konserti təqdim olunub

 

Aprelin 2-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Salam. Orient” festivalı çərçivəsində Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı təqdim edilib. Konsertdə Əməkdar artist, tarzən Sahib Paşazadə, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov və gənc balaban ifaçısı Azad Əliməmmədov çıxış ediblər.

Konsertdən öncə AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək Avstriyada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif qurumlarla səmərəli işbirliyini diqqətə çatdırıb. O, “Salam. Orient” və “Kulteurasia” təşkilatı ilə bir neçə ildir sürən əməkdaşlığı xüsusi vurğulayıb və Azərbaycan muğamının belə bir platforma çərçivəsində təqdimatından məmnunluğunu ifadə edib.

“Salam. Orient” festivalının rəhbəri Katrin Pröll və “Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt uğurlu əməkdaşlığa görə AMM-yə təşəkkür ediblər. D.Libervirt tədbir iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri” festivalında (Özbəkistan) Qran-pri mükafatına layiq görülən S.Paşazadə və K.Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Avstriyalı muğamsevərlərə də onların ifası yaxşı tanışdır və qrup öz proqramına daha bir Azərbaycan milli musiqi aləti olan balabanı əlavə edib.

Konsert “Bayatı-Şiraz” muğamı üzərində kompozisiya ilə başlayıb. Kompozisiyaya daxil edilmiş xalq mahnıları, eləcə də tar, nağara və balabanın ifasında fərqli solo ifalar tamaşaçılar tərəfindən maraqla dinlənilib. Konsertdə “Mahur-hindi” muğam dəsgahı, “Sarı gəlin” xalq mahnısı və “Şur” muğamı üzərində kompozisiya sürəkli alqışlarla qarşılanıb. Konsertin zirvə nöqtəsini isə “Qarabağ” mahnısı təşkil edib.

Tamaşaçıların xahişi ilə musiqiçilər proqramda nəzərdə tutulmayan əlavə musiqi nömrələri ifa ediblər.

Qeyd edək ki, instrumental qrup aprelin 4-də Avstriyanın Lints şəhərində daha bir konsert proqramı ilə çıxış edib.