Əlibaba Məmmədovun xatirəsinə həsr olunan gecə
Bu ilin fevralında dünyasını dəyişən görkəmli muğam ustadı, Xalq artisti, professor Əlibaba Məmmədov milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoyub.
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz xanəndənin xatirəsinə həsr olunmuş gecə keçirildi.
BMM-in təşkilatçılığı və Xan Şuşinski Fondunun dəstəyi ilə reallaşan gecədə qonaqlar ilk olaraq böyük ekranda mərhum xanəndənin ifasının lent yazısını izlədilər.
Tədbirin aparıcısı – Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı xanəndənin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, XX əsrin 50-ci illərində sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov sənətkarlığı ilə xalqın böyük məhəbbətini qazanıb: “Onun sənətini və şəxsiyyətini rövnəqləndirən, nurlandıran da məhz bu xalq məhəbbətidir. Bu məhəbbət daim Əlibaba müəllimin sənət yoluna işıq saçıb. Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan Radiosunun “qızıl fondu”nda qorunub saxlanılır. Unudulmaz sənətkar həm də 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun mahnı və təsniflərini muğam ifaçıları bu gün də sevərək ifa edirlər.
Musiqişünas muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan Əlibaba Məmmədovun yaradıcılıq yolunun gənc xanəndələr nəsli üçün bir sənət məktəbi olduğunu dedi: “Əlibaba müəllimin mahnıları yalnız özünün deyil, başqa sənətkarların da repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən bu nəğmələr elin yaddaşına hopub, dillər əzbəri olub. Onlardan “Gəl bizə, yar”, “Beləyəm”, “Yaşa hələ” başqalarını qeyd edə bilərik. Bu mahnılar musiqi tədrisi proqramlarına da daxil edilir”.
Xalq artisti, tarzən Fikrət Verdiyev, Əlibaba Məmmədovun “Humayun” ansamblında xanəndə ilə birgə çalışmış qarmon ifaçısı Hüseyn Hüseynov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, Əlibaba Məmmədovun sənəti əbədiyaşardır. Onun Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq.
Ustad xanəndənin ailəsi adından filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva, Sevinc Sarıyeva, Fehruz Səxavət, Təhmiraz Şirinov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Vəfa Vəzirova, Anar Quliyev Əlibaba Məmmədovun repertuarından təsnif və mahnıları təqdim etdilər. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
Xatirə gecəsinin sonunda Səadət Təhmirazqızının Əlibaba Məmmədov haqqında yazdığı “Bizim ustad” kitabı qonaqlara hədiyyə edildi. Kitabda Əlibaba Məmmədov yaradıcılığının hər üç qolu – xanəndə, bəstəkar və şairliyi əksini tapıb. Nəşrin redaktoru Xalq artisti, professor Ramiz Zöhrabov, rəyçisi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
Lalə Azəri