Bu məsələ «Turizm ili» ilə bağlı Tədbirlər Planında da əksini tapıb
   
   Azərbaycan özünün müalicəvi suları, şəfalı nefti, palçıq vulkanları ilə məşhurdur. Bu isə ölkəmizdə müalicə turizmini inkişaf etdirmək üçün böyük potensialın olmasından xəbər verir.
   
   Dünyada bənzəri olmayan nadir müalicə vasitəsi olan Naftalan nefti, Qalaaltı suyu, Masallıda İstisu müalicə mənbəyi, Naxçıvanın Culfa rayonunda Darıdağ termal suyu min bir dərdin dərmanıdır. Lakin bütün bunlara baxmayaraq, sanatoriya-kurort müəssisələrinin yaxınlığında müasir tipli yerləşdirmə yerlərinin sayı azdır. Naftalanda, Bilgəhdə, İstisudakı sanatoriyalarda yerləşdirmə yerləri mövcud olsa da, onların müasir tələblərə nə qədər cavab verməsi, buraya gələn turistlərin istirahəti, əylənməsi, vaxtlarını səmərəli keçirməsi üçün işlər görülməlidir.
   Bu məsələ ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında da öz əksini tapıb. Sənədin 22-ci (müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin yaradılmasına dair təkliflərin hazırlanması) və 30-cu (Azərbaycanda palçıq vulkanları marşrutunun hazırlanması və təqdimatının keçirilməsi) bəndləri müalicə turizminin inkişafını, rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılmasını ehtiva edir.
   Qeyd edək ki, ötən il Azərbaycan prezidenti tərəfindən təsdiq edilən “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da turizmin əksər növlərinin, o cümlədən turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun, mehmanxana və digər turizm xidmətləri göstərən obyektlərin yaradılması ilə bağlı təşviqi tədbirlərin həyata keçirilməsi məsələsi əksini tapıb.
   
   Təbii-müalicəvi mənbələrin yanında infrastrukturun qurulması turist cəlbinə təkan verər
   
   Mütəxəssislərin fikrincə, rekreasiya zonalarının, təbii-müalicəvi mənbələrin yaxınlığında mütləq mehmanxanalar olmalıdır. Çünki ölkəmizə müalicə məqsədilə gələn əcnəbi turistlər qalmaq üçün normal şəraitli mehmanxana tapmayanda növbəti ildə buraya gəlmirlər.
   Bir neçə il əvvələ qədər Azərbaycanda kurortların yaxınlığında sovet dövründən qalma, müasir normalara cavab verməyən sanatoriyalar fəaliyyət göstərirdi. İndi bu sahədə vəziyyət yaxşılığa doğru dəyişir. Naxçıvanda Duzdağda müasir tipli beşulduzlu hotel, Naftalanda «Çinar Hotel & SPA Naftalan» adlı sanatoriya kompleksi tikilib istifadəyə verilib. Bütün kurort zonalarında yüksək standartlara cavab verən infrastruktur yaradılandan sonra oraya müalicə üçün gələn xarici turistlərin sayı da artacaq.
   Bu fikrimizi Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da bölüşür. Onun sözlərinə görə, kurortlar sağlamlıq turizmi kimi mühüm əhəmiyyət kəsb edir: «2002-ci ildən indiyə qədər Azərbaycanda mehmanxana tipli müəssisələrin sayı 4 dəfə artıb. Buna baxmayaraq, sanatoriya-kurort müəssisələrinin yaxınlığında müasir tipli yerləşdirmə yerlərinin tikintisinə ehtiyac var”.
   E.Aslanovun fikrincə, Azərbaycandakı kurortların vəziyyətini iki cür xarakterizə etmək olar: «Birincisi, sovet dövründə qurulmuş, son illər bir hissəsi qaçqın və məcburi köçkünlər yerləşdiyi üçün, bir hissəsi də keçid dövründəki baxımsızlıq ucbatından yaxşı şəraitdə olmayan yerlərdir. İkincisi isə heç sovet dövründə də yetərincə diqqət göstərilməyən kurort yerləridir. Məsələn, palçıq vulkanları müalicəvi əhəmiyyətli kurort məhsuludur. Amma palçıq vulkanlarının olduğu ərazilərdə müvafiq infrastruktur yoxdur. Ona görə də “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda və 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planında bu məsələ ciddi şəkildə qoyulub. Hətta turizm-rekreasiya zonaları haqqında əsasnamədə də bu məsələ əksini tapıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Naftalanda, Masallıda müəyyən işlər görülür, amma bu işlərin daha da genişləndirilməsinə ehtiyac var”.
   
   Palçıq vulkanları müalicəvi əhəmiyyətli kurort məhsuludur
   
   Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir. Dünya təcrübəsində mədə-bağırsaq, periferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Azərbaycanda da aidiyyəti orqanların bu istiqamətdə işbirliyi nəticəsində ölkəyə turist axınına nail oluna bilər. “Turizm ili”ndə bu layihənin reallaşdırılmasına başlanması, söz yox ki, ikiqat əhəmiyyətli addım olardı.
   Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədi ilə istifadə edilməsi üçün “Bələdçi” sorğu kitabı hazırlayıb. Kitabda 25 vulkan barəsində məlumat verilib.
   Mütəxəssis həmin ərazilərə turist marşrutlarının açılmasını təklif edir: “Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac var».
   A.Əliyev deyir ki, Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir: «Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb. Onlardan bəziləri isə təbiət abidəsi kimi formalaşıb. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir».
   Mütəxəssisin sözlərinə görə, palçıq vulkanlarını əsasən iki qrupa bölmək olar: fəaliyyət göstərən və sönmüş vulkanlar. Ölkəmizdə qeydə alınmış 300-dək palçıq vulkanının 70 faizi fəaliyyətdədir: «Onların tərkibində bir çox kimyəvi elementlər var. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə zəlzələlərin baş verməsi və belə hadisələrin proqnozlaşdırılmasında da mühüm əhəmiyyət daşıyır”.
   Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması haqqında 15 avqust 2007-ci il tarixli sərəncam imzalayıb. Sərəncamda həmçinin palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması da önə çəkilib.

   Fəxriyyə Abdullayeva