Daşkənd və Termez şəhərlərində silsilə tədbirlər keçirilir
6-9 aprel tarixində Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçirilir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Sırxandərya vilayətini də əhatə edəcək.
Mədəniyyət günlərinin açılış mərasimi aprelin 6-da AMM-də keçirilib. Öncə Azərbaycandan gələn qonaqlar AMM-in qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin, habelə “Şəhidlər” abidə kompleksinin qarşısına əklil və çiçək dəstələri qoyublar.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili, parlamentdə Azərbaycan-Özbəkistan dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alimlər, incəsənət xadimləri daxildir.
AMM-in direktoru Samir Abbasov mərasim iştirakçılarına rəhbərlik etdiyi qurumun işi, burada fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə qonaqları AMM-dəki Heydər Əliyev muzeyi, Özbəkistan-Azərbaycan dostluğu və Azərbaycan dövlətçiliyi tarixi muzey-guşələri ilə tanış edib.
Mədəniyyət günlərinin ilk tədbiri olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılış mərasimi olub.
Kitabxananın direktoru Umida Teşabayeva çıxış edərək Azərbaycanla əlaqələr, AMM ilə birgə həyata keçirilən layihələr və əməkdaşlıqdan danışıb. Bildirib ki, AMM və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Özbəkistan kitabxanalarına Azərbaycana dair çoxsaylı nəşrlər hədiyyə olunub.
Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov mədəniyyət günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində tədbirlərin keçiriləcəyini, kitabxanalarda Azərbaycan fondları və guşələrinin açılışı, kitab təqdimatları, sənətçilərin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.
2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu diqqətə çatdıran S.Abbasov otuz ilə yaxın sürən erməni işğalından sonra azad edilən bütün yurd yerlərimizdə, ilk növbədə Şuşa şəhərində bərpa işlərinin başlandığını, məhv edilmiş mədəniyyət ocaqlarının, o cümlədən kitabxanalarımızın yenidən qurulacağını söyləyib.
Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva iki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafından fərəh hissi keçirdiyini, aparılan sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında söz açaraq, günü-gündən yüksələn Azərbaycan-Özbəkistan əməkdaşlığının tarixi kökləri olduğunu, bu işdə iki ölkə rəhbərlərinin xidmətlərini qeyd edib. Deputat bu münasibətlərin inkişafına görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Q.Paşayeva çıxışında tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən də bəhs edib, işğal dövründə şəhər və kəndlərimizin Ermənistan tərəfindən yerlə yeksan edildiyini deyib.
Deputat Müşfiq Cəfərov da çıxışında ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, bu yaxınlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq, mədəniyyət günlərinin əhəmiyyəti haqqında danışıb, münasibətlərin bu səviyyədə olmasında AMM-in xüsusi rolunu qeyd edib. Şuşa şəhərinin TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edildiyini diqqətə çatdıran A.Maarifli bu çərçivədə keçiriləcək tədbirlərin də ölkələrimizin və xalqlarımızın dostluğuna töhfə verəcəyini deyib.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Qeyd edək ki, kitabxanada yaradılan Azərbaycan fonduna 400 adda nəşrlər hədiyyə olunub.
AMM-in layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı da keçirilib. Təqdimatda azərbaycanlı və özbək alimlərin çıxış və məruzələri dinlənilib.