AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmətin (1902-1963) 120 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib.
Muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq türk inqilabi poeziyasının banisi Nazim Hikmətin ziddiyyətli və məşəqqətli bioqrafiyasından, həbsxana və qürbətdə keçən həyatından bəhs edib.
Nazim Hikmətin həyat və yaradıcılığını əks etdirən videoçarx və ədibin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki nəfər” bədii filmindən (“Azərbaycanfilm”) epizod nümayiş olunub.
Şair-publisist, ədəbiyyatşünas Ramil Əhməd “Nazim Hikmətin həyatının Bakı dönəmi”, Azərbaycan Yazıçılar Birliyi Gənclər şurasının sədri, Ədəbiyyat Muzeyinin dissertantı Fərid Hüseyn “Nazim Hikmətin şəxsiyyətindən doğan poetik dünyagörüşü”, muzeyin dissertantı Ülviyyə Yusifova “Nazim Hikmətin ideoloji mübarizəsi” mövzusunda məruzələrini təqdim ediblər.
Filialın əməkdaşı Tofiq Abdullayev çıxışında Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevlə Nazim Hikmətin Moskva şəhərində görüşündən bəhs edən bir xatirəni tədbir iştirakçıları ilə bölüşüb. Sahilə Müseyibova və qiraətçi Ərəstun Sadıqov şairin şeirlərindən nümunələr səsləndiriblər.