Zahid Xəlilin 80 illiyi qeyd olunub

 

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair və pedaqoq, filologiya elmləri doktoru, ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov giriş sözündə yubilyarın həyat və yaradıcılığından söz açaraq vurğulayıb ki, Zahid Xəlil 60 ilə yaxındır bu ali təhsil ocağında fəaliyyət göstərir.

Universitetin Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Bilal Həsənli və filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu Zahid Xəlil yaradıcılığı haqqında danışıblar.

Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Zahid Xəlilin Azərbaycan ədəbiyyatında kiçikyaşlı uşaqlar üçün peyzaj lirikasının mükəmməl nümunələrini yaratdığını qeyd edib. Bildirib ki, o, əsərlərində həm bədii, həm də pedaqoq baxışı sərgiləyir.

Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl canlı klassik olan Zahid Xəlilin Türkiyədə də çox yaxından tanındığını vurğulayıb, onun elm və sənətlə eyni dərəcədə məşğul olaraq mükəmməl nəticələr ortaya qoyduğunu bildirib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı Zahid Xəlilin institutun Elmi şurasının qərarı ilə təsis olunmuş “Uşaq ədəbiyyatı üzrə Abdulla Şaiq mükafatı”nın ilk laureatı seçildiyini diqqətə çatdırıb və mükafatı yubilyara təqdim edib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova da yubilyarı təbrik edib.  Zahid Xəlilə universitetin rəhbərliyi adından uzunmüddətli ədəbi və elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərman təqdim edilib.

Bədii hissədə fakültənin “Meh” ədəbi dərnəyinin üzvləri ədibin yaradıcılığından nümunələr səsləndirib, mahnılar oxuyub, ədəbi kompozisiyalar nümayiş etdiriblər.

Sonda Zahid Xəlil çıxış edərək ona göstərilən diqqətə görə universitet rəhbərliyinə və ədəbi ictimaiyyətə təşəkkürünü bildirib.