Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” kitabı “Mütərcim” nəşriyyatında işıq üzü görüb.

Giriş, 4 fəsil, 11 paraqraf, nəticə və notoqrafiyadan ibarət olan kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub.

Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar mühüm bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Eyni zamanda Azərbaycan muğamlarının çoxlu sayda şöbələrinin hər birinin məxsusi emosional təsir imkanları da var ki, indiyədək geniş tədqiq edilməyib. Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.

Layihə rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti, professor Siyavuş Kərimi olan kitab muğamşünaslıq elminə dəyərli töhfədir.