Azərbaycan kinosunda axund, molla obrazları deyilincə ilk ağıla gələn mərhum sənətkar, Əməkdar artist Hacıməmməd Qafqazlı (1898-1982) olur. Uzun illər Akademik Milli Dram Teatrında çalışan aktyoru müasir tamaşaçı daha çox filmlərdəki rollarından tanıyır.

Hacıməmməd Qafqazlının qızı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı ilə söhbətimizdə aktyorun ömür və sənət yoluna nəzər saldıq.

 

– Nəzakət xanım, söhbətimizə atanızın uşaqlıq, gənclik dövrü ilə başlayaq...

– Hacıməmməd Qafqazlı 1898-ci il martın 24-də Lənkəranda anadan olub. Bəri başdan onu da deyim ki, atam haqqında yazılan bir çox yazılarda, “Vikipediya”da da martın 22-də doğulduğu qeyd edilib, amma doğum tarixi 24 martdır. Atamın babası Əliqulu bəy Lənkəranın tanınmış zadəganlarından, Qulubəyzadələr nəslindən olub. Əliqulu bəy oğlu Ələkbəri həkim kimi görmək istəyirdi. Ona görə də oğlunu, yəni babamı Tehranda oxutdurur. O illərdə babam Ələkbərlə Abbas Səhhət bir yerdə həkimlik təhsili alırlar. Təhsillərini bitirdikdən sonra babam Lənkərana, Abbas Səhhət isə Şamaxıya qayıdır. Babam Lənkəranda həkim kimi işləməklə yanaşı, “Səburi” təxəllüsü ilə şeirlər yazıb. Lənkəranda “Fövcül-füsəha” ədəbi məclisinin fəal üzvlərindən olub.

Babamın övladları olub, amma bir müddət sonra vəfat ediblər. Yeganə sağ-salamat qalan atam olub. Hacıməmməd Ələkbər oğlu Qulubəyzadə. Sovet dövründə bəy nəslindən olanlara təqiblər başlayanda Qulubəyzadə soyadı Quliyev olub. Atam balaca olanda anası rəhmətə gedir. Babam Ələkbər yeganə oğluna Lənkəranda mollaxanadan başqa təhsil imkanı yarada bilməyəcəyini görərək Bakıya köçür. Bakıda ikinci dəfə ailə həyatı qurur. Atamın 13 yaşı olanda babam rəhmətə gedir. Körpə yaşında anasız qalan atam, bu dəfə də atasız qalır. Analıqla birlikdə yaşayır. Get-gedə dolanışıq çətinləşir. Analıq da atamı yola vermir. Deyir ki, evin böyüyüsən, evi, uşaqları dolandırmaq lazımdır. Atam 14 yaşından Orucovların mətbəəsində işə başlayır.

Orucov qardaşlarının mətbəəsi indiki İstiqlaliyyət küçəsindəki Əlyazmalar İnstitutunun zirzəmisində yerləşib. Atam mətbəədə əvvəlcə şagird, sonra isə mürəttib kimi çalışmağa başlayıb. Mürəttib işlədiyi dövrdə mətbəədə Seyid Hüseyn, Əliqulu Qəmküsar, Nəriman Nərimanovla tanış olub. Nərimanovla görüşünü həmişə xoş xatirə ilə yad edərdi. Deməli, “Bahadır və Sona” əsəri çap ediləndə Abuzər Orucov ilk nüsxələri atama verib deyir ki, apar bunu doktora ver. Atam Nərimanovun evində kitabın ilk nüsxələrini ona təqdim edib. O da kitabın bir nüsxəsini imzalayaraq atama bağışlayıb. Sonralar atam Nəriman Nərimanovla tanışlığının şərəfinə, övladlarına Bahadır və Sona adını qoymuşdu. Biz ailədə beş uşaq olmuşuq: Bahadır, Adil, Sona, Nəzakət, Ələkbər.

 

– Atanız sənətə necə gəlib?

– Babam teatr həvəskarı olub. Atamı tez-tez teatra apararmış. Atam danışırdı ki, ilk dəfə Hüseyn Ərəblinskini “Ağa Məhəmməd şah Qacar” obrazında səhnədə görüb.  O tamaşada Tiflisin yandırılma səhnəsi var. Ərəblinskinin “Yan, yan, ey Qafqaz” monoloqunu eşidən atam onun timsalında səhnəyə, sənətə vurulub. Uşaqlıq dövründən səhnənin sehrinə düşüb.

Atamın mətbəədə çalışdığı dövrdə ciyərlərində problem yaranıb. Həkimlər ona məsləhət görüblər ki, təmiz havada olmalı, piyada gəzməlisən. Atam da Maştağada fəhlə-kəndli klubu yaradır və klubun nəzdində dram dərnəyi təşkil edir. Hər gün Sabunçu vağzalından piyada Maştağaya gedirmiş. O vaxtlar Sabunçu vağzalından elektrik qatarı təzə hərəkət edirmiş. Atam da elektrik qatarından düşüb Maştağaya qədər yolu piyada qət edərmiş. Maştağadakı dram dərnəyində Ə.Haqverdiyevin, N.Vəzirovun əsərlərini tamaşaya qoyub. Atamın xətrini kənd camaatı çox istəyib. Atam ərəb dilini bildiyinə görə islam adət-ənənələrinə, dini qaydalara hörmətlə yanaşan, Quranı bilən adam olub. Bu səbəbdən də o illərdə, çətin olsa da, kənd camaatını inandıra bilib ki, teatrla məşğul olmaq heç də küfr iş deyil. Gənc olsa da, söhbətləri kənd camaatını qane edib. Ona görə də atama “Həci qədeş” deyə müraciət ediblər və məşqlərdə bal, nehrə yağı gətirib, atama qulluq göstərirmişlər.

 

– Abbas Mirzə Şərifzadə ilə tanışlığı oradan başlayıb?

– Bəli. Atam günlərin birində A.M.Şərifzadəni “Dağılan tifaq” tamaşasına baxmağa dəvət edib. Abbas Mirzə atamın oyununu bəyənib və onu indiki Akademik Dram Teatrına dəvət edib. Qeyd edim ki, 1926-cı ildə Teatr Texnikumunun ilk məzunlarından biri də atam olub.

 

– Hacıməmməd Qafqazlının həyatında Cəfər Cabbarlı ilə dostluğu xüsusi yer tutur. Bu  dostluq necə başlayıb?

– Babam Lənkərandan köçüb Bakıya gələndə keçmiş Sovetski, indiki Nəriman Nərimanovda ev alıb. Cəfər Cabbarlı ilə ilk tanışlıqları və sonradan yaranan dostluq əlaqələrinin təməli elə yaşadıqları küçədən başlayıb. Atamla Cəfər Cabbarlının arasında bir yaş fərq vardı. Onun 1934-cü ildə vaxtsız vəfatı atama çox təsir edib. Hər zaman danışardı ki, Cabbarlının dəfninə bəlkə də Bakının yarısı yığılmışdı. Deyirdi ki, eyni izdihamı Ərəblinskinin dəfn mərasimində də görüb. Sonralar da atam C.Cabbarlının ailəsini unutmazdı. Hər zaman hörmətlə yad edərdi. Novruz bayramında birinci Sona xanımı təbrik edərdi. Bayramlaşmaq üçün əvvəlcə onların evinə gedər, sonra isə bütün qohumları ziyarət edirdi.

 

– Nəzakət xanım, atanız 39 yaşında ailə həyatı qurub. Belə gec ailə qurmağının  səbəbi nə idi?

– Ailənin yükü atamın üzərinə tez düşüb. Analığı evlənməsinə imkan verməyib. Baxmayaraq ki, ögey ana babamdan sonra, onun köməkçisi ilə ailə qurub. Amma buna baxmayaraq, ailənin əsas yükü yenə də atamın üzərində olub. Atam 39 yaşında qohumlarının təkidi ilə ailə qurur. Analığı atama babamdan qalmış qızılları belə verməyib. Vəziyyəti belə görən atamın qohumlarından biri özünün nişan üzüyünü barmağından çıxararaq atam üçün bəyənib elçi getdikləri qızın, yəni anamın barmağına taxır.

 

– Ananız da lənkəranlı idi?

– Bəli, lənkəranlı idi. Atamla ailə quranda 16 yaşı olub. Amma aralarındakı böyük yaş fərqinə baxmayaraq, anam atamı altıncı övladı kimi sevirdi, bəsləyirdi. Onun yeməyi, qulluğu hamıdan əvvəl olardı. Atam ailəcanlı adam olub. Evlənəndən bir il sonra atama indiki Adil İsgəndərov küçəsindən ev veriblər.

 

– Hacıməmməd Quluzadəyə “Qafqazlı” təxəllüsünün verilməsinin yəqin maraqlı tarixçəsi var.

– Atam mətbəədə çalışdığı illərdə Daşkənddən bir neçə adam Bakıya gəlir. O zamanlar Daşkənddə hələ qəzet çap olunmurmuş. Gələn adamlar bir neçə çap maşını alırlar. Sonra fikirləşirlər ki, bu maşınları Daşkənddə işlədəcək mütəxəssis yoxdur. Mətbəədəki mürəttiblərə müraciət edirlər ki kim bizimlə Daşkəndə gəlmək istəyər. Atam deyir ki, mən gedərəm. Onsuz da ögey ana himayəsində yaşayır və düşünür ki, mühiti dəyişmək onun üçün daha yaxşıdır. Beləliklə, Özbəkistana gedir. Atam Daşkənddə Turan Tərəqqipərvərlər Cəmiyyətində “Turan” adlı qəzet nəşr etdirməyə başlayır. Dram dərnəyi yaradır. Dram dərnəyində hazırladığı tamaşanın afişasını yazmaq istəyirlər. O zamanlar aktyorlar özlərinə təxəllüs götürərdilər. Atamdan soruşurlar ki, sizi necə yazaq. Atam da “Siz hamınız mənə özbək şivəsi ilə “Kəfkəzli bəradərim” deyirsiniz. Elə təxəllüsümü də Qafqazlı yazın” deyir. Ondan sonra atam Hacıməmməd Qafqazlı kimi tanınır. Atam özbək dilini də bilirdi. Orada ilk dram dərnəyini yaradıb. Özbəklər qədirbilən xalqdır. “Özbək teatrının tarixi” adlı ikicildlik kitab var. Həmin kitabda qeyd ediblər ki, Özbək teatrının bünövrəsini Bakıdan gələn Hacıməmməd Qafqazlı və Sidqi Ruhulla qoyublar.

Atam iki ilə yaxın Daşkənddə qalıb, sonra Bakıya gəlib. Maştağadakı dram dərnəyini Daşkənddən qayıtdıqdan sonra yaratmışdı.

 

– Atanız Akademik Dram Teatrında uzun illər çalışıb. Amma ona baş rollar verilməyib.

–  Atamın baş rollar oynamamasına ilk səbəbkar Rusiyadan gələn rejissor A.Tuqanov olub.  Atam o zamanlar teatrda həmkarlar ittifaqının sədri olub. Bütün aktyorların dərdinə yanırdı. Məsələn, İsmayıl Dağıstanlı Şəkidən təzə gələndə qalmağa yeri olmayıb. Atam onun üçün evdən yorğan-döşək, balış aparıb. Bir müddət teatrda qalıb. Rza Əfqanlıya da kömək edib. Çoxlarına belə köməkliyi olub. Teatrın ictimai işləri ilə yanaşı, sənəti ilə də yüksək səviyyədə məşğul ola bilirdi. Bir gün Tuqanovun yanına gedərək “Yoldaş Tuqanov, niyə mənə böyük rollar vermirsiniz” deyə soruşur. Tuqanov isə “Yoldaş Qafqazlı, sən ictimai işlərdə fəalsan. Sənin böyük rollar oynamağa vaxtın çatmaz” deyərək atamın ümidlərini puç edir. Bu işin də təməli necə qoyulursa, elə də davam edir. Çətini odur ki, sənətkarın yolunu bir dəfə kəssinlər. Sonradan gələnlər də yola o şəkildə davam edirlər.

 

– Bizim nəslin nümayəndələrinə Hacıməmməd Qafqazlını səhnədə görmək qismət olmayıb. Sadəcə, filmlərdə çəkildiyi epizodik obrazlarla tanımışıq.

– Atam filmlərdə az çəkilib. Teatrda 200-dən çox irili-xırdalı rollar ifa edib. Cəfər Cabbarlının bütün pyeslərində çıxış edib. Təkcə “Yaşar”da oynamayıb. “Solğun çiçəklər”də Axund rolunu elə oynamışdı ki, görmək lazım idi. C.Məmmədquluzadənin “Ölülər”ində də. Ümumiyyətlə, hansı əsərdə ərəb-fars tərkibli sözlər, monoloqlar çoxluq təşkil edirdi, atam həmin obrazların öhdəsindən məharətlə gəlirdi. Atam ilk təhsilini mollaxanada aldığına görə fars dilini öyrənmişdi. Ərəb dilini də Qurana görə bilirdi.

 

– “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Qorxma, mən səninləyəm!” filmlərində axund, molla obrazlarını canlandırıb.

– Rejissorlar bilirdilər ki, atam Quranı yaxşı bilir. Ona görə də din xadimi obrazlarını ona həvalə edirdilər. “Yeddi oğul istərəm” filminin çəkilişləri zamanı maraqlı hadisə baş verib. Filmdə Çalpapaq Kərəmin dəfn səhnəsi Buzovnada çəkilib. Həmin epizodda atam (kənd sakini)  komsomol Bəxtiyara yaxınlaşıb: “Oğul, elimizin adəti var. Mərdi torpağa tapşıranda, gərək Allah kəlamı oxunsun. Axund Şirəli gəlib çıxmadığına görə, izn ver Allah kəlamını mən oxuyum” deyir və “Yasin” surəsini avazla oxumağa başlayır. Bu səhnənin çəkilişi başlamazdan əvvəl Buzovna kəndinin ağsaqqalları etiraz edirlər ki, hər oyundan çıxmısınız, indi də “Yasin” surəsini ələ salacaqsınız. Elə ki atam “Yasin”i avazla oxumağa başlayır, hamı diqqətlə dinləyir. Görürlər ki, sözləri düzgün tələffüz edir, avazı gözəldir. Onda anlayırlar ki, dindən başı çıxan adamdır. Çəkiliş bitdikdən sonra kənd ağsaqqalları atama yaxınlaşıb minnətdarlıqlarını bildirirlər. Atam 84 yaşında vəfat etdi. Ömrünün sonuna qədər namaz qılırdı, ibadət edirdi. Amma teatrsız çox darıxırdı.

 

– Teatrdan gedəndə neçə yaşı var idi?

– Yaşı 70-i ötmüşdü. Amma gümrah idi. Qüvvəsi var idi. Səhnədə oynamağa gücü çatırdı. Həmin vaxt Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımov idi. Atamı və bir neçə aktyoru çağırıb demişdi ki, gənclərə yol verməliyik. Atam həmin dəqiqə ərizəsini yazıb teatrdan evə gəlmişdi. Qürurlu adam idi. İstənilmədiyi yerdə qalmayıb. Amma teatrdan getmək ona pis təsir etmişdi ki, hər gün gəzmək adı ilə evdən çıxar, teatrın ətrafında bir neçə dəfə dolanıb qayıdardı. Premyeraları qaçırmazdı. Hər birinə gedib tamaşa edərdi. “Əməkdar artist” adını 45 yaşı olanda almışdı. 70 yaşınadək səhnədə oldu. Amma “Xalq artisti” adını vermədilər.

 

– Səbəbləri nə idi?

– Münasibətlər hər şeyi həll edirdi. Təqdimatı teatr etməlidir, teatr verməlidir. Tuqanovla başlayan soyuq münasibət sonra da davam etdi. 50-ci ildə teatr Özbəkistana qastrola gedir. Səfər ərəfəsində Sidqi Ruhulla xəstələnir. Tamaşada da rolu varmış, dublyoru da olmur. Teatr qalır çıxılmaz vəziyyətdə. Həmin vaxt atam teatrın rəhbəri Adil İsgəndərovun yanına gələrək Sidqi Ruhullanın əvəzinə oynaya biləcəyini deyir. İki günə rolu əzbərləyir və gözəl də ifa edir. Qastrol səfərindən qayıdandan sonra Adil İsgəndərov tamaşanı çətin vəziyyətdən qurtardığı üçün atama təşəkkür edir. Həmin qastrol səfərində atamı yenidən səhnədə gördükdən sonra Özbəkistan Dram Teatrı ona iş təklifi etmişdi. Atama deyiblər ki, ailəni də götür, buraya köç. Sənə şəhərin mərkəzində ev verərik. Qısa müddətdən sonra isə Özbəkistanın “Xalq artisti” adına layiq görülərsən. Onlar atamın bir zamanlar Özbəkistanda teatr sənəti üçün etdiklərini unutmayıblar. Getməyib. Vətəninə, qohum-əqrəbasına bağlı adam idi.

 

– Yəqin eviniz sənət adamları sarıdan qonaq-qaralı olub.

– Atam aktyor yoldaşları ilə evə gəlib, süfrə arxasında oturmağı da çox sevərdi. Anam cənub mətbəxinin ləziz təamlarından hazırlayardı. Xüsusən də Novruz bayramı ərəfəsində atam dostları ilə bizə yığışardı. Həsənağa Salayev, Əliheydər Ələsgərov, sonra Əliağa Vahid bizə tez-tez gələrdi. Bir rus arvadı var idi. Həmişə onunla gəlirdi. Atama deyirdi ki, bu rus arvadı mənə elə yaxşı baxır, amma mənim fikrim, zikrim uşaqlarımın anasının yayındadır.

 

– Əliağa Vahidin sizə bir misra şeir həsr etdiyini eşitmişəm.

– Deməli, bir dəfə Əliağa Vahid bizə gəlmişdi. Mən 6-cı sinifdə oxuyurdum. Məktəbdən evə gəldim. Ə.Vahidi qonaq otağında görüb salamlaşdım və otağıma keçdim. O vaxt uşaqlar böyüklərin yanında oturmazdılar. Yenidən otağa qayıdanda məni yanına çağırdı. Soruşdu ki, qızım, adın nədir? Dedim ki, Nəzakət. Vahid atama hədiyyə gətirdiyi kitabın ilk səhifəsinə bu misraları yazdı:

“Gözəlin adətidir, sevgisinə nazlı olar,
Bu Nəzakətdə olanlar çoxu Qafqazlı olar”.

 

– Vahiddən söz düşmüşkən, yadınızda necə qalıb?

– Çox sadə, istedadlı adam idi. Geyimi də sadə idi, danışığı, üslubu da. Yaxşı insan, böyük qəzəlxan idi. Heç təsadüfi deyil ki, bu günə qədər onun qəzəlləri dillərdə əzbərdir. Əliağa Vahid atamla gəncliyindən dostluq edib. Hətta atamın toyunda səhərə qədər meyxana deyib. Babam şair olduğuna görə atam şeirə, qəzələ bağlı idi. Hafizəsi çox güclü idi. Hər dəfə əlimdən tutub şəhərə gəzməyə aparanda Bakı milyonçularının tikdirdikləri binaların tarixini mənə danışardı.

 

– Hacıməmməd Qafqazlının adına küçə, mədəniyyət evi varmı?

– Yoxdur.

 

– Heç Lənkəranda da adını əbədiləşdirməyiblər?

– Xeyr. Hacıməmməd Qafqazlı çox sadə həyat tərzi sürüb. Ailəni saxlamaq üçün gün ərzində üç-dörd  yerə qaçırdı. Televiziyadan çıxıb dublyaja, dublyajdan çıxıb radioya gedirmiş. Beş uşağı dolandırmaq asan deyildi. Övladları da deputat, yüksək vəzifə sahibi olmadı. Yəqin olsaydı, adı tez-tez televiziyalarda çəkilərdi, adına küçə verilərdi.

Hacıməmməd Qafqazlını qiymətini almayan istedadlı aktyor sayıram. Atam olduğu üçün demirəm. İncəsənət sahəsindən başı çıxan, kənardan tamaşaçı olan bir adam kimi deyirəm. Aktyorun mütaliəsi geniş olmalıdır. Onun səsinin tembri, savadı, rola girməyi bir başqa idi. Sədinin, Füzulinin qəzəllərini əzbər bilirdi. Əqidəli, Allahını, Peyğəmbərini tanıyan adam idi. Sizə maraqlı, həm də baməzə əhvalat danışım. Atam Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Şeyx Kəbir rolunda çıxış etmişdi. Bir gün atam eşidir ki, onun həmin tamaşadan çəkilən fotolarını Təzəpir məscidinin qarşısında satırlar.

 

– Kim satırmış?

– Tamaşadan şəkillər çəkən fotoqraf. Deməli, Təzəpir məscidinin qapısında dayanıb gəlib-gedənə atamın obrazdan olan fotosunu göstərərək, “bu adam Məkkədə yaşayan məşhur üləmalardan, din alimlərindən biridir, çox tanınmış şeyxdir” deyərək atamın fotolarını satırmış.

 

– Sonralar həmin fotoqraf satdığı şəkillərin halallığını atanızdan almayıb?

(Gülür) Yox, siz nə danışırsınız? Nə halallıq almaq? Elə düşüncəsi olsa, adamları aldadaraq aktyorun fotosunu üləma adı ilə satardımı? Atam bu hadisədən gec xəbər tutdu. Artıq satan satmış, alan da almışdı.

 

– Nəzakət xanım, atanızın son illərini necə xatırlayırsınız?

– Son günlərinə qədər teatrdan danışırdı. Amma çox incik idi. 1982-ci il sentyabrın 21-də dünyasını dəyişdi. Dəfn mərasimi izdihamlı oldu. Akademik Teatrdan çox adam gəlmişdi. Cavan aktyorların hamısı dəfndə iştirak edirdi. Atama teatrda hörmət edənlər çox idi. “Hacı dayı”, “Həci qədeş” deyə müraciət edərdilər. Atam da sağlığında əlindən gələn köməyi heç kimdən əsirgəməzdi. Bir haşiyə də çıxım. Atam “Ölülər” əsəri hazırlananda Şeyx Nəsrullah obrazını ifa edən Məlik Dadaşova xüsusi dərs keçmişdi. Əsərdə ərəb-fars tərkibli sözlər, birləşmələr var. Onların mənasını, deyilmə tərzini Məlik Dadaşova başa salırdı. Özü də həmin quruluşda Cəlalın müəllimi obrazında çıxış edirdi. Atamın ifa etdiyi obrazları indi Xalq artisti Hacı İsmayılov oynayır. Atamın obrazları Hacı İsmayılova çox uyğun gəlir.

 

– Zahirən də bənzərlik var...

– Oyun tərzini də çox bənzədirəm. Məsələn, “Ölülər”də atamın oynadığı obrazı hazırda Hacı İsmayılov ifa edir. “Almaz”da Aftili atam da oynamışdı. Bu gün isə Hacı İsmayılov ifa edir. Onun oyun tərzi atama çox yaxındır. Ona görə də Hacı İsmayılovun çıxış etdiyi tamaşalara hər zaman baxıram.

 

– Maraqlı söhbətə görə sizə minnətdaram.

– Atamı xatırladığınıza görə, mən sizə təşəkkür edirəm.

Söhbətləşdi: Ülviyyə Həsənqızı