Avqustun 22-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniyanın turizm naziri Hayfa Əbu Qazaleh ilə görüşüb.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yaradılması, qarşılıqlı turizm imkanlarının öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən agentlik və şirkətlərin səfər mübadilələrinin təşkili məsələləri müzakirə olunub. Söhbət zamanı səfir son illər ərzində Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlər, turizmin inkişafı ilə bağlı hökumət tərəfindən atılan addımlar, həyata keçirilən iri layihələr haqqında iordaniyalı nazirə məlumat verib. Qeyd olunub ki, bu il paytaxt Bakıda bir neçə beşulduzlu hotel istifadəyə veriləcək.
Ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsini qeyd edən səfir bunun iki qardaş ölkə arasında turizm sahəsində konkret əməkdaşlığın qurulması üçün yaxşı fürsət olduğunu vurğulayıb və İordaniyada turizm şirkətlərindən ibarət nümayəndə heyətini ölkəmizə səfərə dəvət edib.
İordaniyalı nazir iki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq turizm sahəsində əməkdaşlığın qurulması məqsədilə ilk növbədə turizm şirkətlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili təşəbbüsünü müsbət qiymətləndirib. O, nümayəndə heyətinə media mənsublarından ibarət qrupun da əlavə edilməsini təklif edib.
İordaniya naziri turizm sahəsindəki əməkdaşlığın davamlı və səmərəli olması üçün ölkələr arasında birbaşa uçuşların əhəmiyyətini də vurğulayıb. O, həmçinin ölkəmiz və onun turizm imkanları ilə yaxından tanış olmaq məqsədilə gələcəkdə Azərbaycana səfər etmək arzusunda olduğunu da ifadə edib.
Görüş əsnasında iordaniyalı nazirə səfirliyin dəstəyi ilə Azərbaycan haqqında yenicə nəşr olunmuş kitab da təqdim edilib.