Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-26 aprel tarixində Bakıda “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalın proqramına M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Kamera və orqan musiqisi zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertlər, tamaşa, ustad dərsləri daxildir. Sənətsevərlər barokko musiqisi nümunələrini azərbaycanlı ifaçılarla yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan musiqiçilərinin də təfsirində dinləyəcəklər.
Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası təqdim olunacaq.
Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulub.
Festival çərçivəsində dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo və digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo de Vivonun (İtaliya) ustad dərsi keçiriləcək.