Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq bu il Fransanın paytaxtı Parisə rekord miqdarda turist gəlib. İlin birinci yarısında paytaxta gələn xarici turistlərin sayı 7,7 milyon nəfəri ötüb. Bu rəqəm keçən illə müqayisədə 3,5 faiz çoxdur.
   Parisə gələn əcnəbilərin əksəriyyətini Çin və Latın Amerikasından olan turistlər təşkil edib. Amma ötən ildən fərqli olaraq, bu il Parisə səfər edən böyük britaniyalı, almaniyalı, italiyalı, ispaniyalı və yaponiyalı turistlərin sayında azalma müşahidə olunub. Fransanın müxtəlif əyalətlərindən paytaxtın görməli yerləri ilə tanış olmaq üçün 4 milyondan çox fransız Parisə gəlib.