Görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da geniş tamaşaçı rəğbəti qazanmağa davam edir.
Dünyanın məşhur musiqi salonlarında musiqiləri səslənən Firəngiz Əlizadənin “Nizami fəzası” adlı əsəri bu dəfə tanınmış ukraynalı dirijor Kiril Karabitsinin rəhbərliyi altında Böyük Britaniyanın Bornmut Simfonik Orkestrinin ifasında təqdim olunub.
Aprelin 6-da baş tutan konsert canlı yayımla nümayiş olunub və rəqəmsal biletlər 6 may tarixinədək maraqlananlar üçün əlçatan olacaq.
“Lighthouse Poole” İncəsənət Mərkəzinin press-relizində qeyd edilir ki, Firəngiz Əlizadənin təzadlarla zəngin olan musiqisində zərif şəffaflıq, qabarı çalarlar, təmkinli sadəlik və çoşqun virtuozluq, eləcə də meditasiya və ekstaz hissi həmahəngdir: “Beləliklə, bir tərəfdən, bu musiqi Şərq və Qərb ilə milli ənənələr arasındakı dini və mənəvi toqquşmanı təcəssüm etdirir, digər tərəfdən isə bəstəkar öz şəxsi daxili sarsıntılarını, həyatı boyu yaşadığı gərgin duyğularını öz musiqisində yaşadır...”.
Onu da qeyd edək ki, bu il görkəmli bəstəkarın yubiley ilidir. İl ərzində Firəngiz Əlizadənin əsərlərinin həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərdə səslənməsi nəzərdə tutulub.