Prezident təqaüdçüsü və beynəlxalq müsabiqələr laureatları olan istedadlı skripkaçılar – İsveçrədə master-solist pilləsində təhsil alan Cəmilə Qarayusifli və 2019-cu ildə professor İ.Rissinin sinfində doktoranturanı qırmızı diplomla bitirən, Almaniyanın Manhaym Opera Teatrının orkestr artisti Fəridə Rüstəmova bu günlərdə Xalq artisti, professor Zəhra Quliyevanı yubileyi münasibətilə təbrik etmək üçün Bakıya gəliblər.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən yubiley konsertində çıxış edərək alqışlar qazanan hər iki ifaçı doğma şəhərə gəlmişkən ustad dərsləri də veriblər.
Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 11-12 aprel tarixlərində Cəmilə Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Ş.Ələkbərova adına 20 saylı, Ə.Bədəlbəyli adına 23, T.Quliyev adına 12, S.Rüstəmov adına 13, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbləri, habelə 33 və 30 nömrəli uşaq musiqi məktəblərinin şagirdlərinə violin ixtisası üzrə ustad dərsləri keçib.
Fəridə Rüstəmovanın 5 və 9 aprel tarixində gerçəkləşən ustad dərslərində isə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, M.Maqomayev adına 26, R.Behbudov adına 2, Ə.Bakıxanov adına 6 nömrəli, eləcə də 28 və 37 nömrəli uşaq musiqi məktəbləri, 4 saylı Uşaq incəsənət məktəbinin şagirdləri iştirak ediblər.
Cəmilə Qarayusifli və Fəridə Rüstəmova hər bir iştirakçının çıxışını dinləyərək qeydlər aparıb, onlara öz məsləhətlərini veriblər və ustad dərsinin iştirakçıları ilə violində düzgün ifa etməyin sirlərini bölüşüblər.