Azərbaycan
16 aprel 1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913-1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.
16 aprel 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.
16 aprel 1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl, qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.
16 aprel 2020 – Xalq artisti Rafiq Hacıbaba oğlu Əliyev (14.11.1949 – 2020) vəfat edib. Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Qətl günü”, “Hökmdarın taleyi” və s.) çəkilib.
16 aprel 2021 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (18.1.1941 – 2021) vəfat edib. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
17 aprel 1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.
17 aprel 1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev (1924-1978) İrəvanda doğulub. Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini olub.
17 aprel 1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
17 aprel 2009 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (10.7.1930 – 2009) vəfat edib. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Axirət sevdası” və s. kitabların müəllifidir.
17 aprel 2015 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (16.4.1934 – 2015) vəfat edib.
18 aprel 1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
18 aprel 1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941-2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.
18 aprel 1991 – Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.
19 aprel 1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.
19 aprel 1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927-2000) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.
19 aprel 1954 – Tanınmış rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük” “Cavad xan” filmlərinə quruluş verib.
Dünya
16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
16 aprel 1889 – İngilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889-1977) Londonda doğulub. 1910-1940-cı illərdə ABŞ-da yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, “Qızıl hərisliyi”, “Böyük diktator”, “Sirk” və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.
16 aprel 1924 – Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924-1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.
17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilib.
18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
18 aprel 1917 - SSRİ Xalq artisti Georgi Vitsin (1917 – 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.
19 aprel 1900 – İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes; 1900-1976) anadan olub. İlk radiopyeslərin müəllifidir.
Hazırladı: Vüqar Orxan