2022-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilən Misirin Qahirə şəhərində müxtəlif sərgi və təqdimatlar keçirilir.
Misirin Osmanlı imperiyasının tərkibində olduğu zamanlarda Misir valisi Kavalalı Mehmet Paşa və sonralar Hidiv İsmayıl Paşanın əmri ilə tikilən məscidlər və Qahirənin Təhrir meydanı ətrafındakı binalar əsrlər boyu bu şəhərin yaraşığı hesab edilib.
“Qahirə-2022: İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində keçirilən tədbirlərdən biri də şəhərdə Osmanlı dövründə tikilmiş və ötən əsrdə Afrikada ilk olan Opera Teatrının yerləşdiyi tarixi binada “Hidiv məscidləri” adlı sərgidir.
Sərginin açılışında İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim iştirak ediblər.
Ekspozisiyada Qahirənin ən yüksək nöqtəsində yerləşən Mehmet Ali Paşa məscidi, Hidiv İsmayıl Paşa dövrünə aid digər ibadət məkanlarının fotoşəkilləri və rəsmləri nümayiş etdirilir, onların tarixi haqqında məlumat verilir.