Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 6-9 aprel tarixində Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Mədəniyyət günlərinin tədbirləri paytaxt Daşkənddən sonra Sırxandarya vilayətinin inzibati mərkəzi olan Termiz şəhərində davam edib.
Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan ocağının açılışı olub. Burada görkəmli şairənin portreti, həyat və yaradıcılığı haqqında məlumat lövhəsi, Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar yerləşdirilib. Azərbaycan ocağında Qarabağın milli qadın və kişi geyimləri, AMM-in özbək dilində çap etdirdiyi nəşrlər, Azərbaycan Mədəniyyət Nazirliyinin hədiyyə etdiyi kitab kolleksiyası, şair və yazıçılarımızın portretləri, milli suvenirlər də yer alıb.
Sonra Termiz şəhər İncəsənət Sarayında mərasim keçirilib. Vilayət hakimiyyətinin nümayəndəsi Obidjon Şofiyev çıxış edərək Özbəkistanda müntəzəm olaraq Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin keçirilməsinin xalqlarımızı bir-birinə daha yaxından bağladığını vurğulayıb.
Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, AMM-in direktoru Samir Abbasov iki ölkə arasında tarixi dostluq və əməkdaşlıqdan söhbət açıblar.
Sonra Azərbaycan mədəniyyəti günləri münasibətilə hazırlanan proqram təqdim edilib. Termiz Dövlət Universiteti tələbələri azərbaycanlı modelyer Afaq İsmayılzadənin hazırladığı milli libasları “Qarabağ şikəstəsi” musiqisinin sədaları altında nümayiş etdiriblər. Xalq artisti Gülyanaq Məmmədova, saz ifaçısı İlham Abdullayev, AMM-in Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının çıxışları alqışlarla qarşılanıb.
Mədəniyyət günləri çərçivəsində Termiz Dövlət Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş də keçirilib.
Universitetin rektoru, professor Avazjon Maraximov Azərbaycan nümayəndə heyətini salamlayıb, 1950-ci ildən fəaliyyət göstərən tədris ocağı haqqında məlumat verib. Rektor Azərbaycanın universitetləri ilə əməkdaşlığın vacibliyinə də toxunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkələrimiz arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb, Termiz Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması məsələsinə toxunub.
Komitə sədri 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edildiyini bildirib. Diqqətə çatdırıb ki, qədim Şuşa şəhəri ölkə başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2023-cü ildə isə Şuşa TÜRKSOY-un müvafiq qərarı ilə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələr, azərbaycanlı müəlliflərin əsərlərinin özbək dilində nəşri və aparıcı kitabxanalara hədiyyə edilməsi barədə danışıb. Direktor 2022-ci ilin “Şuşa İli” elan olunması münasibətilə AMM-in layihəsi əsasında Termiz Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan ocağının yaradıldığını vurğulayıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli ölkə kitabxanaları arasında onlayn platformanın yaradılacağını bildirib və platformaya Özbəkistan kitabxanalarının, o cümlədən Termiz Dövlət Universitetinin də qoşulmasını təklif edib. Şöbə müdiri universiteti cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyə də dəvət edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhəri haqqında məlumat verib, şəhərdə “Nəvai günü”, Termizdə isə “Nizami günü” keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Sonra universitetin böyük salonunda tələbələrlə görüş keçirilib, Azərbaycan nümayəndə heyəti adından universitetə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində azərbaycanlı sənətçilər – Xalq artisti, müğənni Gülyanaq Məmmədova və aşıq İlham Abdullayev, AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri çıxış ediblər.
Xatırladaq ki, Özbəkistanın Daşkənd və Termiz şəhərlərində Azərbaycan mədəniyyəti günləri Heydər Əliyev adına AMM-in təşəbbüsü, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilib.