Azərbaycan xalqının folkloru çox qədim tarixə malikdir. Xalqımızın rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin sınağından keçərək bu gün də yaşamaqdadır. Bu irsi yaşadan məkanlardan biri də folklor ənənələrimizlə zəngin olan Lənkəran bölgəsidir. Təsadüfi deyil ki, ölkəmizin qeyri-maddi mədəni irsinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul olunan “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Lənkəran 2011-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilib.
   
   Ən qədim və gözəl məkanlarımızdan olan Lənkəran Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Lənkəran toponiminin haradan götürülməsi, onun mənası hələ indiyə qədər mübahisəli olaraq qalır. Şəhər və onun ətraf yerlərinin daha qədimliyinə nişan verən sənədlərdən məşhur yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı kənd varmış. Strabon isə öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat verib. Lənkəranın mətbəx mədəniyyətinin qədim tarixi var. Arxeoloji qazıntılar zamanı bu ərazidə qədim insanlara məxsus və daşdan düzəldilmiş tava, həvəngdəstə, müxtəlif növ mətbəx çapacaqları, gil qab nümunələri, piyalə qırıntıları, saxsı sərnic (su qabı), antik dövrə aid kuzə, eramızdan əvvəl III-I əsrlərə aid gil küplər tapılıb. Bütün bunlar Lənkəranın qədim tarixə malik məkan olduğunu bir daha isbatlayır.
   
   Milli bayram və mərasimlərimizi yaşadan məkan
   
   Folklor ənənələrimizin ünvanı olan Lənkəranda milli bayramlarımız və mərasimlərimiz də yaşadılır. Milli bayramımız olan Novruz, bütün ölkədə olduğu kimi, burada da böyük şövqlə qeyd olunur. Bayrama hazırlıq bir ay əvvəldən başlanır və dörd ilaxır (su, od, torpaq, hava) çərşənbənin qeyd olunması ilə davam edir.
   Bu çərşənbələr arasında ən əhəmiyyətlisi axır çərşənbə sayılır. Bayramla bağlı əsas hadisələr də həmin gün baş verir. Axır çərşənbə günü keçirilən bayrama xas müxtəlif mərasimlər keçirilir.
   Lənkəranda Novruz bayramına hazırlıq ərəfəsində icra edilən əsas mərasimlərdən biri - səməni cücərtməkdir. Təbiətin bərəkət rəmzi sayılan səməni, xalq inancına görə sehrli qüvvəyə malikdir. Bu mərasim təbiətin oyanışı və bitkilərə məhəbbət duyğuları ilə bağlıdır. Həmin günlərdə hər evdə göz oxşayan yaşıl «çəmənlik» - əlvan lentlərlə bəzədilmiş səməni qabları olması vacib sayılır. Səməninin dövrəsinə boyanmış yumurta və şamlar düzülür. İçərisində üzüm, qoz, fındıq, konfet, meyvə qurusu, noğul dolu məcməyi - xonça da səməninin yanına qoyulur. Novruzdan qabaq qadınlar şirniyyat - paxlava, şorqoğalı, şəkərbura və s. bişirirlər.
   Novruz bayramı günlərində evlərin həyətlərində və küçələrdə müxtəlif şənliklər keçirilir. Oynaq rəqslər, xoş mahnı təranələri, musiqi, gülüş, qohumlara baş çəkib onlara bayram payı aparmaq zəruri ənənələrdən sayılır. Adətən ya eyni bir tonqalın üstündən 7 dəfə, ya da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanırlar. Yazda gecə ilə gündüzün tən olduğu bahar bayramının gəlişi atəşfəşanlıqla xəbər verilir. Ənənəyə görə, bayram axşamı hər kəs öz evində olmalı, heç kəsin evinə qonaq getməməli və heç kəsi qonaq kimi qəbul etməməlidir.
   Bütün dünya müsəlmanları kimi, azərbaycanlılar üçün də əziz olan Ramazan və Qurban bayramları Lənkəran bölgəsində geniş şəkildə qeyd olunur. Ramazan bayramına bir neçə gün əvvəldən hazırlaşırlar. Bayram münasibətilə təzə paltar tikmək və ya almaq, bayram payı vermək üçün hədiyyələr hazırlamaq və ya almaq lazımdır. Qurban bayramında isə imkanı olanlar qurbanlıq kəsib ətini imkansız ailələrə paylayırlar.
   
   Adət-ənənələrimiz təbliğ olunur

   
   Lənkəran şəhərinin 2011-ci il üzrə “Folklor paytaxtı” elan edilməsi ilə əlaqədar müxtəlif tədbirlərin - konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və s. təşkili nəzərdə tutulub. Bu tədbirlərdən “Tarixin canlı şahidləri” - qocaman el sənətkarları ilə görüşlər, “Bayatı axşamları” adlı folklor gecəsi, “Nənələr və nəvələr” folklor gecəsi, Lənkəran mətbəxi festivalını və s. göstərmək olar.
   Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayevin sözlərinə görə, “Folklor paytaxtı” proqramı çərçivəsində ilk tədbir aprelin 13-də şəhərin mərkəzində, Heydər Əliyev parkında təşkil olunub: «Burada rayonun folkloru, adət ənənələri, milli mətbəxi, el sənətkarlıq nümunələri və s. nümayiş etdirildi. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı folklor şəhərinin kuboku Lənkəran İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tərəfindən tədbirin aparıcısına - Dədə Qorquda təqdim olundu. Bundan əlavə, mart ayında rayonun qəsəbə və kəndlərində mədəniyyət müəssisələrinin özfəaliyyət və folklor kollektivlərinin konsertləri təşkil olundu”.
   Tədbirlər planına uyğun olaraq aprelin 15-də mədəniyyət və turizm şöbəsi tərəfindən tətbiqi sənət ustalarının əl işlərinin sərgisi təşkil edilib. Sərgidə el sənətkarlarının əl işləri - dulusçuluq nümunələri, həsirlər və s. nümayiş olunub: “Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor mahnı və rəqs kollektivinin və Qirdəni kənd mədəniyyət evinin “Vənəvşə” folklor rəqs kollektivinin, C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin muğam ifaçılarının konserti təşkil olunmuşdu. Bundan başqa, Lənkəran uşaq rəssamlıq məktəbində “Folklorumuz və adətlərimiz uşaqların gözü ilə” adı altında uşaqların rəsm əsərlərinin sərgisi də keçirildi. Sərgidə uşaq rəssamlıq məktəbinin və eləcə də, Lənkəran uşaq yaradıcılıq mərkəzi şagirdlərinin milli folklorumuza, adət-ənənələrimizə həsr olunmuş rəsm işləri nümayiş olundu».
   
   Tədbirlər davam edir
   
   Vasif Fərzullayevin sözlərinə görə, Lənkəranın “Folklor paytaxtı” elan edilməsi ilə bağlı reallaşan tədbirlər sırasında Kitab bayramı zəngin təəssüratlarla yadda qalıb.
   Ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə mayın 6-da təşkil edilən IV Ümumrespublika ənənəvi kitab bayramında rəsmi şəxslər, şəhər sakinləri, yaradıcı ziyalılar, müharibə veteranları iştirak ediblər. Mərkəzi kitabxananın qarşısında müxtəlif sərgilər təşkil olunub. Tədbir çərçivəsində xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi də təqdim olunub: “Eyni zamanda, kitabxananın qarşısında uşaq rəssamlıq məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi quruldu. Ulu öndərin həyat və fəaliyyətinə, milli adət-ənənələrimizə və folklorumuza həsr olunmuş kitablar, yeni nəşrlər, ölkə prezidentinin sərəncamı ilə çap olunmuş latın qrafikalı ədəbiyyat nümayiş olundu. Tədbirdə çıxış edən folklorşünas alim Mirhaşım Talışlı, yazıçı-publisist Etibar Əhədov, digər qonaqlar kitabın həyatımızda rolu, milli adət-ənənələrimizin təbliği ilə bağlı görülən işlər, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışdılar”.
   “Folklor paytaxtı” proqramı çərçivəsində daha bir tədbir avqustun 13-də açıq havada təşkil olunan “Folklor axşamı” mərasimi olub. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Hadı Rəcəbli və folklorşünas alim Mirhaşım Talışlı Lənkəranda folklor və adət-ənənələrin tarixi barədə söz açıblar. Mədəniyyət və turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov Lənkəranın “Azərbaycanın folklor paytaxtı” elan olunması ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət evinin “Bacılar” talış folklor mahnı və rəqs kollektivi qədimdə Lənkəranda ifa olunan mahnıları, qocaman mədəniyyət işçisi, el sənətkarı Surxay Əliyev qədim nəfəsli alətdə maraqlı musiqi nömrələri ifa ediblər. Tədbir çərçivəsində el sənətkarlığı nümunələri də nümayiş olunub.
   Keçirilən bütün bu tədbirlər göstərir ki, Lənkəranın “Azərbaycanın folklor paytaxtı” elan olunması xalqımızın şifahi xalq ədəbiyyatının, adət və ənənələrimizin təbliği işinə mühüm töhfə olacaq.
   
   Mehparə