Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sinam” şirkəti tərəfindən hazırlanan GoMap.az (www.gomap.az) elektron naviqasiya sistemi yeni xidmətlər təqdim edilir. 
   “Sinam” şirkətinin yaydığı məlumatda bildirilir ki, yeniliklər arasında "müəssisələrin kataloqu" xidməti var. Sözügedən kataloq vasitəsilə obyektin dəqiq yerini və ona aid məlumatı öyrənmək olar, həmçinin naviqasiya vasitəsilə marşrut yaratmaq olar.
   Bundan əlavə, GoMap.az elektron xəritəsində Bakı və Sumqayıtın ictimai nəqliyyatının marşrutlarını izləməyə imkan verən yeni servis də istismara verilib. Xəritənin funksionalı ictimai nəqliyyatın dayanacaq yerlərini də müəyyənləşdirməyə imkan verir.
   GoMap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com-a da inteqrasiya olunub. "Mənim obyektlərim" bölümü fərdi xəritələri yaratmağa, həmin xəritəyə istədiyiniz obyekt və yolları əlavə etməyə, orada şərh yazmağa, həmçinin "öz xəritənizi" dostlarınızla paylaşmağa imkan verir.
   Naviqasiya sisteminin elektron xəritəsinə 63 000-dən çox obyekt (POİ), 4 530 yaşayış məntəqəsi, 3 300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670 000 bina və tikililər, 43 000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km yaşıllıq sahələri, meşələr və s. məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.
   Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən elektron xəritə istənilən tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərə inteqrasiya edilib (məsələn, Google Satellite).
   Bu isə GoMap.az-ın bütün informasiya bazasını Google Satellite-də olan Azərbaycan xəritələrinin üzərinə yerləşdirməyə imkan verir, yəni peyk xəritəsində istənilən obyekt haqqında məlumatları görmək mümkündür (dəqiq ünvanlarla), axtarış nəticələrini isə Google Satellite xəritəsinə çıxarmaq olar.
   Elektron xəritədə həmçinin marşrutun çəkilməsi funksiyası var. Bu funksiya xüsusilə turistlər üçün çox faydalı ola bilər. Regionlara səyahət etmək istəyən hər bir turist GoMap.az xəritəsi vasitəsilə lazımi marşrutu çəkib, onu çap formasında özü ilə apara bilər.

   Fəxriyyə Abdullayeva