Azərbaycanın musiqi mədəniyyətində novatorluğu ilə tanınan sənətkarlarımızdan biri də arfa ifaçısı, pedaqoq, Əməkdar artist, professor Aida Abdullayeva olub. O, ömrünü professional arfa sənətinin inkişafına həsr edib. Sənətkarı anadan olmasının 100 illiyi ilə bağlı yada saldıq.

Aida Həmdulla qızı Abdullayeva 13 aprel 1922-ci ildə Bakıda anadan olub.  Musiqiçi haqqında araşdırmalarda qeyd edilir ki, ailənin beşinci övladı olan qıza C.Verdinin “Aida” operasının tamaşasından qayıdan dayısı baş qəhrəmanın adını verməyi təklif edib... Onun uşaqlıq və gənclik illəri çətin dövrə təsadüf edir. 30-cu illər repressiyasında atası güllələnir. Bundan sonra ailəyə qarşı haqsız təqib və təhdidlər başlayır. Aida 13 yaşında fəhlə kurslarına yazılır. Eyni zamanda musiqi ilə də maraqlanır. Arfa müəllimi Yelizaveta Borisovna Şlezigerlə tanış olur. Y.Şleziger onun musiqi duyumunu yoxlayır və beləliklə, Aida arfa sinfində təhsil almağa başlayır.

Aida Abdullayeva 1938-ci ildə şagird musiqiçi kimi ilk konsert tədbirinə qatılır.  Maraqlı ifası ilə konsertdə iştirak edən Üzeyir Hacıbəylinin diqqətini çəkir. Gənc musiqiçi 1940-cı ildə orta məktəbi bitirir. Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilir. Ancaq 1941-ci ilin yayında II Dünya müharibəsinin başlanması ilə SSRİ-də vəziyyət dəyişir. Aida Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. Bütün bunlara baxmayaraq, dövrün qara kölgələri, dəhşətli repressiya dalğası bu ailəni rahat buraxmır. Musiqiçi 1942-ci ilin payızında ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilir. Bu haqsızlıqla barışmayan Üzeyir bəy 1943-cü ildə ailə haqqında vəsatət verir. Bundan sonra onlar Azərbaycana qaytarılır. A.Abdullayeva Azərbaycan Dövlət Konservatoriyasına bərpa olunur, eyni zamanda Radiokomitənin simfonik orkestrində işə götürülür.

A.Abdullayeva 1944-cü ildə yenidən Rusiyaya göndərilir. Moskva Dövlət Konservatoriyasında professor K.Erdelinin sinfində təhsil alır. 1949-cu ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra vətənə dönən musiqiçi konservatoriyada arfa sinfinə rəhbərlik etməyə başlayır. Geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə musiqidə yeni səhifə açan A.Abdullayeva arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyir. Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradır. Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı kimi tanınan musiqiçi 1969-cu ildə A.Zeynallı adına musiqi məktəbində, 1978-ci ildə isə S.Hacıbəyov adına Sumqayıt musiqi məktəbində arfa siniflərinin açılmasına nail olur. 1983-1985-ci illərdə “Arfa üçün uşaq pyesləri” və “Azərbaycan bəstəkarlarının arfa üçün pyesləri” toplularını nəşr etdirır. 1977-ci ildə dosent, 1985-ci ildə professor adları alır. Görkəmli musiqiçi dolğun pedaqoji fəaliyyəti dövründə onlarca arfa ifaçısı yetişdirir.

A.Abdullayevanın Bakıda ilk konserti 1950-ci ildə keçirilir. 1969-cu ilədək Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışan fədakar musiqiçinin əməyi hökumət tərəfindən yüksək qiymətləndirilir. 1972-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür.

Gözəl arfa ifası ilə yanaşı, pedaqoq və musiqi təşkilatçısı kimi yaddaşlarda iz qoyan Aida Abdullayeva 11 iyun 2009-cu ildə Bakıda vəfat edib.

S.Fərəcov