Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

614 il əvvəl...

21 aprel 1408-ci ildə Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb. Azərbaycan torpaqlarında Teymurilərin (Əmir Teymur 1405-də vəfat etmişdi) hökmranlığına son qoyulub. Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövlətinin tərkibinə daxil edildi.

 

239 il əvvəl...

19 aprel 1783-cü ildə II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzalayıb. 1768-1774-cü illər müharibəsində Rusiyaya məğlub olan Osmanlı Krım xanlığına nəzarəti itirmişdi.

 

195 il əvvəl...

20 aprel 1827-ci ildə İranla müharibə (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar. Körpünün ələ keçirilməsi rus qoşunlarının Naxçıvan xanlığına hücumlarına imkan yaratdı. May ayında Naxçıvan işğal olundu.

 

124 il əvvəl...

21 aprel 1898-ci ildə İspaniya ilə ABŞ arasında müstəmləkələrin bölüşdürülməsi ilə bağlı müharibə başlayıb. İspaniyanı Latın Amerikası və Cənub-Şərqi Asiyadan sıxışdırmağı niyyətləyən ABŞ üç ay sürən müharibədə Kuba, Puerto-Riko və Filippini ələ keçirdi. Bu, ABŞ-ın ilk uğurlu müstəmləkəçilik müharibəsi idi.

 

107 il əvvəl...

22 aprel 1915-ci ildə I Dünya müharibəsi tarixində ilk dəfə zəhərli qazdan silah kimi istifadə olunub. Belçikanın İpr şəhəri yaxınlığında döyüşdə alman qoşunları ingilis-fransız qüvvələrinə qarşı xlor tərkibli zəhərli qazdan istifadə ediblər. Sonralar iprit adını alan qaz müxtəlif ölkələrin kimyəvi silah arsenalında yer tutdu.

 

104 il əvvəl...

22 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Yusifbəyli, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

 

102 il əvvəl...

23 aprel 1920-ci ildə Atatürkün başçılığı altında Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı açılıb. TBMM-nin yaradılması ilə Türkiyədə yadelli işğalçılara qarşı Qurtuluş savaşı mühüm mərhələyə qədəm qoydu. Cümhuriyyət qurulandan sonra Atatürkün tövsiyəsi ilə 23 aprel Türkiyədə “Milli Müstəqillik və Uşaq Günü” elan edildi.

 

55 il əvvəl...

21 aprel 1967-ci ildə Yunanıstanda hərbi çevriliş olub, Kral II Konstantin devrilib. Ölkədə “Qara polkovniklər diktaturası” bərqərar olub. 1974-cü ilədək Yunanıstanda hərbi rejim hakimiyyətdə olub.

 

44 il əvvəl...

21 aprel 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

 

33 il əvvəl...

21 aprel 1989-cu ildə Pekinin Tyanyanmen meydanında təxminən 100 min tələbənin etiraz aksiyası başlayıb. Bu, ÇXR tarixində ən böyük hökumət əleyhinə çıxış idi. Bir neçə gün sürən aksiya meydana tankların yeridilməsi ilə dağıdıldı.

 

27 il əvvəl...

19 aprel 1995-ci ildə ABŞ-ın Oklaxoma şəhərindəki biznes mərkəzində dəhşətli terror aktı baş verib. Partlayış nəticəsində 168 nəfər (o cümlədən 12 uşaq) həlak olmuşdu. Ölkəni sarsıdan terroru iki amerikalı törətmişdi. 1997-ci ildə məhkəmə ABŞ ordusunun sabiq serjantı Timoti Makvey və Terri Nikols barəsində ölüm hökmü çıxardı.

 

23 il əvvəl...

23 aprel 1999-cu ildə NATO-nun Vaşinqton sammitində keçmiş sosialist ölkələri Çexiya, Polşa və Macarıstanın alyansa qəbulu mərasimi keçirilib. NATO-nun Şərqə doğru genişlənməsi başlayıb.

Hazırladı: V.Orxan