«Turizmə dəstək» gənclər koalisiyasının saytı hazırlanır. Bu barədə məlumat verən koalisiya rəhbəri Ramiz Alıyevin sözlərinə görə, mədəniyyət və turizmə aid materialları əks etdirəcək saytın sentyabrın 15-dək istifadəyə verilməsi gözlənilir: “Sayta daxil olan hər bir kəs Azərbaycan turizmi və mədəniyyəti haqqında ətraflı məlumat əldə edə biləcək. Bu sahədə yenilikləri təqdim edəcəyik. Sayt nəinki Azərbaycanda, ümumiyyətlə dünya mədəniyyəti və turizmində baş verənləri özündə əks etdirəcək, maraqlı materiallarla zəngin olacaq. Saytla paralel olaraq mətbuat orqanı da təsis edirik. Yeni nəşr də Azərbaycan turizmi və mədəniyyətinin təbliğinə həsr olunacaq».
   Koalisiyanın digər layihəsi də Azərbaycan turizminin təbliğinə həsr olunub. Layihə «Ölkəm mənim» adlı mahnının ekranlaşdırılmasından ibarətdir. Azərbaycan mədəniyyətinə, turizminə, həmçinin iqtisadiyyatına həsr olunana klipdə 11 muğam ifaçısı və müğənni iştirak edir. Nail Naiboğlunun ekranlaşdırdığı klipin çəkilişləri Azərbaycanın turizm əhəmiyyətli məkanlarında aparılır. Mahnının sözləri Həbib Azəri və Fuad Zəngəzura, musiqisi Fidan Süleymanovaya aiddir. Musiqinin aranjemançısı isə Vüqar Camalzadədir. Klip bu ay televiziya kanallarında yayımlanacaq.

   Gülər