Filarmoniyada Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert

 

Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi bu il dövlət səviyyəsində, həmçinin UNESCO-da geniş şəkildə qeyd olunacaq. Artıq yubiley tədbirlərinə başlanıb.

Aprelin 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illiyi münasibətilə konsert və bəstəkarın musiqilərindən ibarət albomun təqdimatı keçirildi.

Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında diqqətə çatdırdı ki, bu ilin noyabr ayında Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev dahi bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar hazırlanmış illik plana əsasən, bu gün bəstəkarın yubileyinə həsr olunmuş ilk geniş tədbir keçirilir.

Nazir müavini qeyd etdi ki, Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun zəngin yaradıcılığı var: “Qüdrətli sənətkar mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Fikrət Əmirovun “Şur”, “Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Sevil” operası, “Min bir gecə” baleti, doğma Vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” və digər əsərləri bəstəkarın musiqi irsinin qiymətli səhifələrindəndir. Onun əsərləri dünyanın bir çox ölkələrinin konsert salonlarında səslənib, teatr səhnələrində tamaşaya qoyulub”.

Vurğulandı ki, bəstəkarın 100 illiyinin UNESCO-nun yubiley proqramına daxil edilməsi Azərbaycan musiqisinə, Azərbaycan bəstəkarlıq məktəbinə, Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda verilən yüksək qiymətin təzahürüdür: “Fikrət Əmirov musiqisi dərin köklərə, milli zəminə bağlıdır. O, şuşalı məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun ailəsində, zəngin musiqi, sənət mühitində böyüyüb. Xalq musiqisi uşaqlıqdan onun qanına, canına hopub. Buna görə də Fikrət Əmirovun yaradıcılığı Qarabağın qədim və zəngin musiqi mədəniyyətindən qaynaqlanır”.

Sevda Məmmədəliyeva onu da diqqətə çatdırdı ki, yubiley ilində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə bəstəkarın fortepiano əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb: “Albomda ilk dəfə olaraq Fikrət Əmirovun fortepiano üçün yaratdığı bütün əsərlər yer alıb. Əsərlərin ifaçısı Xalq artisti, tanınmış pianoçu Yeganə Axundovadır. Xarici və yerli auditoriyaya ünvanlanan albom Azərbaycan mədəniyyətinin, Fikrət Əmirov musiqisinin təbliğinə töhfədir”.

Sonra konsert proqramı başlandı. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) Fikrət Əmirovun əsərlərini ifa etdi. İlk olaraq bəstəkarın “Min bir gecə” baletindən fraqment səsləndirildi. 

Səhnəyə dəvət alan Xalq artisti Yeganə Axundova  Fikrət Əmirovun (Elmira Nəzirova ilə birgə) “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert”ini böyük məharətlə ifa etdi. Orkestr bəstəkarın ecazkar “Kürd ovşarı” simfonik muğamını səsləndirdi.

Yubiley konsertinə Fikrət Əmirovun möhtəşəm “Azərbaycan kapriççiosu” ilə yekun vuruldu. Bütün ifalar alqışlarla qarşılandı.

Nurəddin Məmmədli