Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Samir Nuriyev Azərbaycan Respublikası Prezidenti tərəfindən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları diqqətə çatdıraraq, bu tapşırıqların növbəti bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcəyini deyib.

İclasın gündəliyində yer alan məsələlərlə bağlı məruzələr dinlənilib, həmçinin işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib. Bütün məsələlərin həllində hədəfyönümlü və sistemli fəaliyyətin, habelə qurumlararası, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri ilə əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.