Sentyabrın 18-dən 20-dək Finlandiyanın Turku şəhərində «Skal-İnternational»ın 72-ci konqresi keçiriləcək. Bu barədə qəzetimizə məlumat verən «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun prezidenti Ruslan Quliyevin sözlərinə görə, tədbirdə Azərbaycan da təmsil olunacaq.
   
   O bildirdi ki, «Skal Bakı» artıq üçüncü dəfədir «Skal-İnternational»ın toplantısında iştirak edir. Toplantıda dünyanın əksər ölkələrinin turizm təmsilçiləri bir araya gəlir. Konqres çərçivəsində «Dostlar arasında biznes yarat» ("Doing Business among Friends") şüarı ilə müxtəlif tədbirlər təşkil edilir: «Bu tədbirlər Azərbaycanın turizm potensialının tanıtdırılması, müxtəlif ölkələrin turizm təmsilçiləri ilə əlaqələrin qurulması üçün çox gözəl fürsətdir. Orada nümayiş etdirmək və iştirakçılar arasında paylamaq üçün ölkəmizin tarixi-mədəni abidələrini, gəzməli-görməli yerlərini əks etdirən reklam çarxlarını, ingilis dilində hazırlanmış reklam-çap məhsullarını özümüzlə götürəcəyik”.
   Klub prezidentinin sözlərinə görə, Finlandiyaya aparılacaq reklam-çap məhsulları arasında 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsinə və bu istiqamətdə görülən işlərə dair məlumatlar da yer alacaq.
   Qeyd edək ki, «Skal İnternational» 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılıb və bütün turizm-səyahət sektorlarını əhatə edir. Qurum turizm sahəsində keyfiyyətin yüksəldilməsini və bu sənayedə çalışan peşəkarlar arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Hazırda «Skal İnternational»ın 20 min nəfər üzvü, 100 ölkədə 700 skal-klubu var.
   
   Fəxriyyə