Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana səfəri çərçivəsində aprelin 20-də Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

Milli Məclisin sədrinə və parlament nümayəndə heyətinin üzvlərinə muzey, eləcə də Azərbaycanın böyük ədibi, ictimai xadimi Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bina M.F.Axundzadənin öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu respublikanın rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundzadənin Ev-Muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra muzey təmir olunub, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə buraya muzey statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Hazırda Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur.

Milli Məclisin sədri muzeyin zallarını gəzib, burada saxlanılan eksponatlara, ekspozisiyalara baxıb. Sahibə Qafarova muzeyin xatirə kitabına ürək sözlərini yazıb və muzeyə hədiyyə verib.

Milli Məclisin nümayəndə heyəti Tbilisidə Gürcüstan Milli Muzeyini də ziyarət edib. Baş direktor David Lordkipanidze muzey barədə nümayəndə heyətinə məlumat verib. Milli Məclisin sədri muzeyə hədiyyə təqdim edib.