Xəbər verdiyimiz kimi, Qırğız Respublikası Prezidenti Sadır Japarov 19-20 aprel tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Səfər zamanı Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Muzeydə qonağa xalqımızın qədim xalçaçılıq sənəti haqqında məlumat verilib. Qeyd olunur ki, əsas fondunu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat yaradıb.

***

Qırğızıstan Prezidentinin xanımı Ayqul Japarova İçərişəhərdə də olub.

Qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma, bərpa işləri barədə məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova təndir çörəyinə qonaq edilib.

Daha sonra qonaq Orta əsrlə Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub. Bildirilib ki, XV əsrin əvvəllərində inşa olunmuş kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi də qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən sayılan abidənin tarixi barədə məlumat verilib. İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.