Gənclər üçün Təhsil Mərkəzi “Turizm ili”nə ictimai dəstək məqsədilə yeni proqrama start verəcək. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, proqramın əsas məqsədi ölkəmizdə, eyni zamanda Avropanın müxtəlif təhsil ocaqları, gənclər mərkəzləri və mediasında Azərbaycanın turizm potensialının tanıdılmasına kömək etmək, gənclərin turizm təşəbbüslərinin artmasına şərait yaratmaqdır.
   Proqramın əlaqələndiricisi Qabil Əliyevin verdiyi məlumata əsasən, bu proqramın reallaşdırılması məqsədilə artıq bir neçə xarici ölkənin turizm təşkilatlarının da iş təcrübəsi öyrənilib və ilkin əməkdaşlıq üçün razılıq alınıb.
   İki il davam edəcək proqram çərçivəsində ölkəmizin turizm potensialını tanıdacaq internet portalın yaradılması, xarici universitetlərdə təqdimat mərasimlərinin və Azərbaycan günlərinin keçirilməsi, xarici mətbuatla işin təşkili, yerli turizm şirkətləri üçün idarəetmə təlimlərinin keçirilməsi, hava limanında maarifləndirmə işlərinin təşkili, gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və s. nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva