Böyük Britaniyanın «Hogg Robinson Group» tədqiqat şirkəti 2011-ci ilin ilk yarısında ən bahalı hotellərə malik dünya şəhərlərinin reytinqini tərtib edib.
   Tədqiqatın nəticələrinə əsasən, Rusiya paytaxtı Moskva hotellərdə nömrələrin qiymətinə görə (orta qiymət 295 avro) birinci yerdədir. İkinci və üçüncü yerləri İsveçrənin Cenevrə (257 avro) və Sürix (249 avro) şəhərləri tutub. Reytinqdə ilk beşliyi Fransanın paytaxtı Paris (235 avro) və İsveçin paytaxtı Stokholm (228 avro) tamamlayır.
   Reytinqin ilk onluğuna həmçinin Vaşinqton (ABŞ), Sidney (Avstraliya), İstanbul (Türkiyə), Nyu-York (ABŞ) və Oslo (Norveç) şəhərləri daxil olub.
   Ümumiyyətlə, 2011-ci ilin ilk yarısında dünyada hotel xidmətləri orta hesabla 4% bahalaşıb. HRG şirkətinin 50 şəhər üzrə apardığı tədqiqat nəticəsində sözügedən sahədə 33 şəhərdə qiymət artımı qeydə alınıb. Bu dövrdə ən yüksək qiymət artımı (37%) İstanbulda müşahidə olunub. Regionlar arasında isə ən bahalı qiymətlər Asiya və Sakit Okean regionunda qeydə alınıb. Sözügedən regionda cari ilin yanvar-iyun aylarında orta hesabla 7% bahalaşma olub. Şərqi Avropa regionunda isə qiymətlər 6,6% aşağı düşüb.
   Böyük Britaniyada yanvar ayında əlavə dəyər vergisinin artırılmasına baxmayaraq, hotellərdə nömrələrin qiymətləri cüzi (2%) artaraq orta hesabla 177 avro təşkil edib.
   Şimali Amerika regionunda hotel nömrələrində qiymətlərin artımı təxminən 4% təşkil edib.

  Fəxriyyə Abdullayeva