Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr – Xocalıdakı dolmenlər, Xankəndidəki kromlexlər, eləcə də Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideoloji-mənəvi düşüncəsini əks etdirən maddi mədəniyyət nişanələridir.

Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağ abidələrinin bugünkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. Ermənilər məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi...

Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü doğma Qarabağımızın, Şərqi Zəngəzurun azadlığa qovuşdurması ilə yanaşı, həmin ərazilərə mədəniyyətimizin yenidən qaytarılması prosesinin də təməlini qoydu. Yaxın illərdə işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanacaq, bu yurdun əzəli sakinləri öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar.

Qarabağ abidələrinin tanıdılması məqsədilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə bölgənin qədim yaşayış məskənləri, xəritələri, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linki vasitəsilə tanış olmaq olar.